KORONAVİRUS: Azərbaycan-İran sərhəddi nə zaman bağlanacaq? - AÇIQLAMA

 15:20 24.02.2020     752

İranda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artır. Bir sıra ölkələr artıq İranla sərhəddi bağlayıb. Lakin Azərbaycan hələ ki, bu addımı atmayıb. 

Redaktor.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirib ki, virusa yoluxma və ölüm halları getdikcə artarsa, Azərbaycan İranla sərhədləri müvəqqəti bağlamalıdır:

"Türkiyə, Ermənistan artıq sərhədləri bağlayıb. Düşünürəm ki, miqyas artdıqca Azərbaycan da ciddi qərar vermək məcburiyyətində qalacaq. Çünki bizdə də İrana gediş-gəliş artır və Novruz bayramı ərəfəsində Azərbaycana İrandan çox sayda turist gələcək".

Daxildə müvafiq tədbirlərin görülməli olduğunun vacibliyini də vurğulayan politoloq deyib ki, Səhiyyə Nazirliyi ictimaiyyəti hələ də tam bilgiləndirmir:

"Gündəlik məlumatlar çatdırılmır. Hansı addımların atılması barədə maarifləndirmə yoxdu. Lakin bu məsələdə gecikmək olmaz.  İranla sərhəddin bağlanması heç bir problem yaratmaz. Öz müttəfiqi Ermənistan belə sərhəddi bağlayıb. İran özü də bunu anlayışla qarşılayır. Hamı öz vətəndaşını qorumaq istəyir".

Sevda Ulutau / Redaktor.az