KORONAVİRUS: Azərbaycanda inanılmaz fırıldaq - Maska niyə bahalaşıb?
Koronavirusun ölkədə mövcudluğunu əks etdirən ilk xəbərlərdən sonra apteklərdə tibbi maska və spirtin qiymət artdı. Növbə gəlib çatdı virusdan qorunmaqda faydalı hesab olunan, insanların daha çox almaq fikrinə düşə biləcəyi qidaların qiymətinə - Sarımsağın 1 kloqramı 6 AZN...
İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Redaktor.az-a bilidirib ki, gigyenik məhsullar, məsələn, tibbi maskaların qiyməti dövlətin tənzimlədiyi növlərə aid deyil:
“Qiymətin artırılmasında əsas elementlərdən biri, həmin apteklərin satdıqları dövriyyədən düzgün vergi vermələridir. Belə olan halda, pozuntu yoxdur. Qiymət artırmaqla gəlirlər artırılırsa, həmin gəlirdən vergi verilməlidir. Hansı məhsulda süni qiymət artımını sübutlu şəkildə təqdim etmək, topdan satışla məşğul olanların, apteklərə və yaxud da digər ticarət obyektlərinə mal və məhsul verənlərinöz aralarında sövdələşməsinin olub olmamasını üzə çıxarmaqla mümkündür. Digər məsələlərə isə vergi aspektindən baxmaq daha doğrudur”.
İqtisadçı ekspert bildirib ki, kartel sövdələşməsi cinayətdir, antiinsisar komitə bununla mübarizə aparmalıdır:
“Qiymətin baha olmasında heç bir cinayət tərkibi yoxdur. Yeganə məsələ həmin artıq gəlirdən verginin verilib-verilməməsidir. Buna da ciddi şəkildə nəzarət olunmalıdır ki, vergidən yayınma halları baş verməsin. Eyni bir məhsulu ölkəyə 3 şirkət gətirirsə və öz aralarında qiyməti qaldırırlarsa, bu, qanun pozuntusudur. Buna qarşı mübarizə aparmaq olar. Qanun pozuntusunu isə antiinhisar komitə müəyyənləşdirə bilər. Süni qiymət artımı ilə bağlı mübarizənin əsas elementi kartel sövdələşmələrinin üzə çıxarılmasıdır. Əgər doğrudan da sövdələşmə varsa və sövdələşmə yolu ilə qiymətlərdə artım müşahidə edilirsə, bu zaman, dövlət orqanları dərhal müdaxilə etməli və sövdələşməni həyata keçirən biznes subyektlərinə qarşı qanunun tələblərinə uyğun olaraq cəzalandırma tədbirləri görməlidirlər”.
İqtisadçı, süni qiymət artımının qarşısını almağın ən effektiv üsulunun rəqabətli mühit yaratmaq olduğunu vurğulayıb:
“Böyük rəqabətli mühitlərdə, sistemlərdə süni qiymət artımı mümkün deyil. Bunu həyata keçirmək çox çətindir. Problemin qarşısını almaq üçün ən yaxşı yol rəqabətli mühitin yaradılmasıdır. Rəqabət artırılmalı və daha çox şirkətin bazara daxil olmasına münbit şərait yaradılmalıdır. Rəqabət artdıqca kartel sövdələşməsinin, süni qiymət artımının olma ehtimalı da azalacaq”.
Sevda Ulutau / Redaktor.az