Market, restoran və ticarət mərkəzləri xüsusi rejimə necə riayət edir? - REPORTAJ

 21:23 16.03.2020     878

Bütün dünya əhalisini maska altında gizlədən, Çin nəfəsini ölkəmizdə aldıran infeksiya – Koronavirus... İstər insanlar, istərsə də ölkələr arasında sərhədləri kilidləyən virus Azərbaycandan da yan keçmədi. Təhlükəsizlik tədbirlərinin görülməsi və əhalinin sağlamlığının qorunması məqsədilə iki gün öncə saat 00:00-dan etibarən ölkəmizdə bəzi sosial izolyasiya tədbirlərinin tətbiqinə başlandı. Bir ay müddətində alış-veriş mərkəzlərinin, ictimai iaşə obyektlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcək.

Bəs görəsən, adı çəkilən obyektlər yeni qaydalara əməl edirmi? Suala cavab tapmaq üçün həmin obyektlərə üz tutduq.

İlk ünvanımız paytaxta fəaliyyət göstərən marketlərdən biri oldu. Kadrlardan göründüyü kimi, işçi heyət tibbi maskalar və əlcəklərlə təmin edilib. Sadalananların ilk baxışdan görünənlər olduğunu nəzərə alaraq, daha hansı qabaqlayıcı tədbirlər görülür? Mikrofonumuzu mağazanın müdiri Əliverdi Hüseynova uzatdıq: “Lazımi tədbirləri görmüşük. Rəhbərlik tərəfindən tapşırıqlar verilib. Bu səbəbdən giriş hissədə mağaza işçisi gələn hər bir müştəriyə dezinfeksiya olunması məqsədilə spirt təklif edir. Mağazanın bütün heyəti tibbi maska və əlcəklərlə təmin edilib. Ən əsası isə müştərilərlə təmasda olarkən bir metr ara məsafəsi mütləq şəkildə qorunur. Hər gün mağaza açılışından öncə müştəri arabaları, səbətləri dezinfeksiya olunur, spirtlənir”.

O ki qaldı kassa qarşısında vətəndaşlar arasında olan məsafənin gözlənilməsi məsələsinə... Buna məhəl qoymayanlar da oldu: “Əslində bu qərara müsbət yanaşırıq. İlk dəfədir ki, bura gəlirəm və bildim ki, belə yeni qərar var. Sözsüz ki, buna əməl edəcəyik. İstərdik ki, hər kəs də bu qaydalara əməl eləsin. Bundan sonra mən də, dostum da kassalara yaxınlaşarkən digər şəxslərə ara məsafəni saxlaması haqqında məlumat verəcəyik”.

Təbii ki, bu məsələdə kassirlərin də üzərinə böyük məsuliyyət hissi düşür: “Kassalarımıza gündəlik olaraq bir çox müştərilər yaxınlaşır. Belə olduğu halda onlarla aramızdakı məsafəni qorumağa çalışır və bildiririk ki, arada olan məsafəyə riayət etsinlər. Həmçinin özümüz də tibbi maskalardan və əlcəklərdən istifadə edirik”.

Görünən budur ki, marketdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfdən qoyulan şərtlərə əməl edilir.

Buradan növbəti yerə - paytaxtdakı restoranlardan birinə yollandıq. Obyekt işçilərinin hər biri tibbi maska və əlcəklərlə təmin edilib. Obyektin müdiri Kahraman Mehmet deyir ki, qoyulan tələblərin hər biri yerinə yetirilir: “Restoranımızda virusa qarşı aldığımız tədbirlər var. Məsələn, bütün personal olaraq tibbi maskalar və əlcəklərdən istifadə olunur. Təşrif buyuran qonaqlarımıza spirt təklif edilir. Onlara yaxınlaşıb sifariş qəbul ediləndə məsafə gözlənilir. Restoranımız səhər və axşam olmaqla gün ərzində iki dəfə dezinfeksiya olunur”.

Müştərilər də virusdan qorunmaq üçün atılan addımları təqdirəlayiq hesab edir: “Bu restorana gələrkən ilk növbədə bizə dezinfeksiya məqsədilə kolonya təklif olundu. Bundan başqa, hansı tədbirlərin görülməsi lazımdırsa, izah edildi. Biz də onların hamısına əməl etdik. Bu virusun qarşısının alınması üçün çox gözəl addımdır”.

Bakıdakı ticarət mərkəzlərindən də birinə üz tutduq. Mərkəzin mətbuat katibi Günay Novruzqızının sözlərinə görə, gündəlik görülən sanitar-gigiyenik tədbirlərdən əlavə, gecə saatlarında xüsusi məhlullarla ciddi dezinfeksiya işləri aparılır: “Masalar arasındakı məsafə 1,5-2 metrdir. Bütün əyləncə mərkəzləri fəaliyyətini dayandırıb. AVM-in içərisindəki bütün obyektlər saat 21:00-a qədər çalışır. Bütün işçilərdə tibbi maskalar və əlcəklər var. Bundan əlavə, AVM-in 6 nöqtəsində termokameralar quraşdırılıb. Mərkəzə daxil olan müştərilərin hərarəti yoxlanılır. Əgər belə bir hal aşkar olunarsa, bu haqda aidiyyəti qurumlara məlumat verilir”.

İnsan özü-özünə həm düşmən, həm də həkim ola bilər. Düşmən olub xəstəliyin ağuşuna düşməkdənsə, həkim olub ondan xilas olmaq ən düzgün addımdır. //APA