"Bakı Metropoliteni" KMDF-yə 100 min manat köçürdü

 16:53 26.03.2020     675

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna hazırda fiziki və hüquqi şəxslər, habelə müxtəlif təşkilatlar tərəfindən könüllü ianələr edilir.

Redaktor.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC də, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb və işçilərin əmək haqqından 100 min manat məbləğində maliyyə vəsaiti müvafiq hesaba köçürülüb.

“Bakı Metropoliteni” QSC-nin kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.