Dövlətin ayırdığı pul bank kartınıza köçürülə bilər - AÇIQLAMA

 16:59 01.04.2020     1723

Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.

Pandemiyadan zərər çəkmiş sahələrdə muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı hansı formada həyata keçiriləcək? Ayrılmış pullar sahibkara, yoxsa birbaşa işçilərin özlərinə ödəniləcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hələ ki, bununla bağlı mexanizmlər nəzərə çarpmır:

"Hansı formada həyata keçirilmə mexanizmi qərarda əks olunmayıb. Qeyd olunub ki, işverənlərlə birgə bu iş görüləcək. Amma hansı formada? Ola bilər ki, özəl sektorda çalışanların rəsmi müqaviləsi, maaş kartları varsa, birbaşa onların maaş kartlarına yüklənsin. Mühasibatlıq vasitəsilə həyata keçirilən ödəmələrdə isə yardım gərək sahibkarların hesabına köçürülsün ki, mühasibatlıq vasitəsilə işçilərə paylanılsın və ya ödənilsin. Bu şirkətlərin alt yapısından və mexanizimlərdən asılı olacaq".

Sevda Ulutau / Redaktor.az