Fazil Mustafa: Fövqəladə vəziyyət elan olunması zəruridi - AÇIQLAMA

 13:59 02.04.2020     1583

"Düşünürəm ki, fövqəladə vəziyyət elan olunmalıdır. Hansısa konkret iş sahəsində işləyən vətəndaşlara buraxılışlar verilməlidir. Qalan vətəndaşların küçəyə çıxması qadağan olunmalıdır. Təbii ki, insanların ehtiyacı var, hər bir məsələdə umacaqları, çətinlikləri mövcuddur. Bunlar hamısı məlumdur. Amma onlar anlamalıdır ki, belə həyati riskə getmək olmaz. Koronavirusdan qorunmaq lazımdır. İnsanların könüllü şəkildə bunu etmələri çox çətin olacaq".

Bunu Redaktor.az-a danışarkən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, icra hakimiyyəti orqanları bu məsələni sistemləşdirməlidir:

"Hansı vətəndaşlar evdə qalmalı, kimlərin ilkin yardıma ehtiyyacı var, bütün bunları icra orqanları sistemləşdirib, təyin etməlidir. Bundan sonra dərhal təlimat verilməldir ki, vətəndaşlar müxtəlif bəhanələrlə evdən çıxmasınlar. Küçədə sorğu-suala tutulanların müxtəlif bəhanələr uyduruqlarının şahidi oluruq. Bu bəhanələri aradan qaldırmaq lazımdır".

Millət vəkili xeyli sayda insanın təyin olunmuş qayda-qanunlara əməl etdiyini də qeyd edib:

"Xalqın sağlam düşüncəli insanları da kifayət qədərdir. Onlar problemin mahiyyətini dərk edir, təyin edilmiş qaydalara əməl edirlər. Lakin bir neçə məsuliyyətsiz insana görə bütün ölkə əziyyət çəkə bilər. Ona görə də, bu məsələdə çox ciddi olmalıyıq və hamı qanuna tabe olmalıdır".

Fazil Mustafa həmçinin fövqəladə vəziyyət elan olunmasının vacib olduğunu vurğulayıb:

"Fövqəladə vəziyyət elan olunması zəruridir. Buraxılış sistemi müəyyən olunmalıdır. Yalnız vacib sahələrdə çalışan insanlar üçün buraxılış tətbiq edilməlidir. Həmçinin, yalnız şəxsi avtomobillərdən istifadəyə icazə verilməlidr. Bütün ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılmalıdır. Avtobuslara 30-40 nəfər dolur və potensial təhlükə yaranır.  Bu, 20 günlük müvəqqəti çətinlikdir. Bu müddət ərzində problemin pik həddə çatmaması üçün belə addımlar atılır".

Sevda Ulutau / Redaktor.az