Bakıda bu binanın zirzəmisi virus mənbəyidir - "AZƏRSU"DAN AÇIQLAMA

 18:07 06.04.2020     10239

Nəsimi rayonu 2-ci mikrorayon ərazisində yerləşən H.Seyidzadə küçəsindəki 7 saylı binanın kanalizasiya sistemində yaranmış problem sakinlərin ciddi narahatlığına səbəb olub. Binanın 1-ci blokunun sakinləri zirzəmidəki mövcud  kanalizasiya xətlərinin tamamilə sıradan çıxması səbəbindən yaranmış dözülməz qoxudan evdə otura bilmədiklərini deyirlər.

Mövcud problemlə bağlı Nəsimi Rayon Sukanal İdarəsindən Redaktor.az-a bildirilib ki, bu cür halların olması qaçınılmazdır, zaman-zaman borularda tutulma halları yarana bilir:

“Kanalizasiyalara salfetlər, pamperslər atılır. Tutulmalara daha çox yaş salfetlərin səbəb olduğunu aşkar edirik. Ən qısa zamanda yaranmış nasazlığın aradan qaldırılmasına çalışacağıq”.

Lakin üstündən günlər keçməsinə baxmayaraq, binadakı problem həll olunmayıb. 

Daha sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O bildirdi ki, məsələnin həll olunması üçün Nəsimi Rayon Sukanal İdarəsinə tapşırıq verilib:

"Nəsimi Rayon Sukanal İdarəsi  rəhbərliyinə dedim, yerində baxış keçirilərək borularda axıntının olması aşkarlanıb. Müvafiq tədbir görülərək, problem aradan qaldırılıb". 

Sevda Ulutau /  Redaktor.az