Evdən çıxmaq üçün qeyri-ciddi SMS göndərənləri HANSI CƏZA GÖZLƏYİR?

 16:47 06.04.2020     829

"Konstitusiyada göstərilən azadlıq hüququnun mahiyyəti ondan ibarətdir ki, şəxs sərbəst olaraq öz yaşadığı yeri dəyişə, istədiyi yerə gedə, sərbəst şəkildə hərəkət edə bilər. Bu hüquq yalnız qanunla müəyyən edilmiş qaydada, məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər. Lakin insanların həyat və sağlamlığının qorunması haqda müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə bağlı qanunvericilik aktları var. Sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 25-ci maddəsi karantin rejiminin tətbiq olunması və bununla bağlı məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur.  Həmin məhdudiyyətlərin də biri məhz əhalinin yaşadığı yeri tərk etməmək, gediş-gəlişin məhdudlaşdırılması məsələsidir". 

Redaktor.az-a açıqlamsında tanınmış vəkil Roman Qaraşov belə deyib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə əsasən edilmiş cərimələr, eyni zamanda sərt sanksiyaların tətbiqi tamamilə qanunauyğundur:

"Nazirlər Kabineti tərəfindən silsilə qərarlar qəbul olunur və onlara riayət etmək tələb olunur. Edilmədiyi təqdirdə isə cərimə, hətta Cinayət Məcəlləsinə əsasən azadlıqdan məhrumetməyə qədər sərt cəzaların tətbiq olunması nəzərdə tutulur".

Şəhərə çıxış icazəsinin alınamsı ilə bağlı mobil tətbiqetməyə qeyri-ciddi məzmunlu mesajların göndərilməsinə də münasibət bildirən vəkil qeyd edib ki, burada hər hansı bir qadağanedici norma yoxdur:

"Karantin rejimi qaydalarına əsasən, hər hansı qeyri-ciddi mesajın Operativ Qərargaha göndərilməsi ilə bağlı məsuliyyət mövcud deyil. Sadəcə vətəndaşlara xəbərdarlıq edilir ki, bu cür mesajların göndərilməsi digər şəxslərin hüquqlarını pozur. Həqiqətən zəruri bir iş ardınca getmək istəyən insanlara mesajın gəlmə prosesi ləngiyir. Burda təşkilati məsələləri də nəzərə almaq lazmdır. Müraciət etmiş şəxslərə cavab mesajının göndərilməsi də müəyyən vaxt itkisinə səbəb olur. Ona görə də hamıdan xahiş olunur ki, qaydalara riayət edilsin və digərlərinin hüquqları pozulmasın. Beynəlxalq, eləcə də Azərbaycanın bütün qanunvericilik aktlarında göstərilir ki, digər şəxslərin hüquqlarına xələl gətirmədən hərəkət etmək lazımdır. İnsanların hazırki durumda həyat və sağlamlığının qorunması prioritet təşkil etdiyinə görə, göstərilən qayda və qanunlara hər kəs birmənalı şəkildə əməl etməlidir".

Sevda Ulutau / Redaktor.az