Jalə Əhmədova: "Tibbi maska qıtlığı tezliklə həllini tapacaq"

 20:15 06.04.2020     3262

"Koronavirusun qarşısının alınmasının yeganə yolu evdə qalmaqdır. Lakin insanlarımızda bu mövzuda bir qədər aqressiya yaranıb. Sanki problemin mahiyyətini və dərinliyini dərk etmirlər.  Evdə qalmaq niyə bu qədər israrla tələb olunur, anlamırlar".

Bu sözləri Redaktor.az-a danışarkən millət vəkili Jalə Əhmədova deyib. O bildirib ki, bəzi səlahiyyətli şəxslər də vəziyyəti insanlara aqressiv şəkildə çatdırırlar:

"Hesab edirəm ki, insanlara detallı şəkildə izah etmək lazımdır ki, bu, onların sağlamlıqları üçündür. "Evdə qal" kampaniyasının məqsədi ondan ibarətdir ki, yoluxub xəstəliyini hələ aşkar edə bilməyənlər, küçədə, ictimai nəqliyyat vasitələrində, ictimai məkanlarda digər insanları yoluxdurmasınlar. Evdə qaldıqları müddətdə xəstəlik aşkar edilsə, təhlükə daha az olar və xəstələr dərhal nəzarət altına götürülər".

Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən tibbi maska qıtlığının insanlar arasında ciddi narahatlıq yaratdığını da qeyd edən millət vəkili bildirib ki, bu məsələ də tezliklə öz həllini tapacaq:

“Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqət göstərən İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub. Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Bakı Tekstil Fabriki” MMC-nin yaratdığı tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Vətəndaşları ciddi narahat edən bu məsələnin qısa vaxtda həll olunması çox sevindiricidir və bir millət vəkili kimi dövlət başçımıza təşəkkürümü bildirirəm".

Sevda Ulutau / Redaktor.az