Gədəbəyin bu kəndində təbii qaz həm var, həm də yoxdur!

 12:33 10.04.2020     9461

Gədəbəy rayonu Alnabad kəndinin bir qrup sakini kəndə çəkilmiş təbii qazdan istifadə edə bilmir. Səbəb isə qazlaşdırmanın kənd camaatının öz hesabına həyata keçirilməsidir. Belə ki, bir neçə ildir bu işin aparılmasına baxmayaraq, kənd sakinlərinin müəyyən bir hissəsi hələ də evlərinə qaz çəkə bilmir. Bunun üçün tələb  olunan məbləği ödəməyə maddi imkanları çatmır. Sakinlərin sözlərinə görə, ana xəttə qoşulmaq üçün 600 AZN, sayğacın quraşdırılması üçün isə 350 AZN tələb olunur.

Alnabad kənd sakinləri kömək üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə məktubla müraciət ediblər. Lakin cavab heç də ürəkaçan olmayıb. İcra hakimiyyətindən gələn cavab məktubunda sakinlərə bildirilib ki, kənd camaatı qazı öz hesabına çəkib, ona görə də hamı yalnız pul verərək  qazdan istifadə edə bilər.

Redaktor.az məktubun məzmununu təqdim edir:

“Sizin 06 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından Gədəbəy RİH başçısı aparatına daxil olmuş məktubunuz tərəfimizdən araşdırıldı.

Bildiririk ki, Daryurd kəndinə yaxın məsafədə yerləşən Alnabad kəndində vətəndaşların öz vəsaiti hesabına küçə qaz xətti çəkilib. Sizə məxsus yaşayış evinin fərdi qaydada qazlaşdırılması mövcud qaydalara uyğun olaraq öz vəsaitiniz hesabına tələb olunan sənədləşmələr aparıldıqdan sonra həyata keçirilə bilər”.  

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxladıq. O qeyd etdi ki, həmin kənd vətəndaşların öz vəsaiti hesabına fərdi qazlaşma aparıb. 
“Belə bir şey mümkündür və burada hər hansı bir məhdudiyyət yoxdur. İnsanlar yığışıb özləri qaz çəkə bilərlər. Kənddə qaz xətti çəkdirməyən bəzi evlər qalıb. Hazırda onların hesabatı aparılır. Gədəbəy rayonu üzrə bu il dövlət proqramına düşən 3 kənddən biri də Arıqıran kəndidir. Həmin kənd və yaxınlığındakı Alnabat kəndində yerdə qalan evlərin də dövlət qazlaşdırma proqramı çərçivəsində qazlaşdırılması nəzərdə tutulub”, - deyə Ceyhun Səfərov bildirib.

Ceyhun Səfərov həmçinin qeyd edib ki, COVİD-19 epidemiyasının yaratdığı durum bu mövsümdə bəzi dəyşikliklərə səbəb olub:

“Adətən proqramların icrası may ayından başlayır. Amma epidemiya səbəbindən bu mövsümdə bəzi dəyşikliklər oldu. Bu dəyişikliklərə uyğun hərəkət edəcəyik. Karantin rejimi müddətində işçilərimizin bir qismi növbədənkənar məzuniyyətə buraxılıb. Amma biz çalışacağıq ki, dövlət proqramının icrası ilə bağlı problem olmasın.

“Proqramın həyata keçirilməsi ilə bağlı bir problem yaşanacağını düşünmürəm. Gədəbəy rayonu Arıqıran kəndinin qazlaşdırılması zamanı, Alnabad kəndində də qalan digər evlərin qazlaşdırılması nəzərdə tutulub.  Bu dövlət proqramı çərçivəsində öz imkanlarımızı səfərbər edib, proqrama salınmasa da, kənd sakinlərinə köməklik göstərəcəyik”.

Qeyd edək ki,  prezident İlham Əliyev “Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Sevda Ulutau / Redaktor.az

222