Lerikdə hamilə qalan məktəbli sığınacağa yerləşdirilib - ÖZƏL XƏBƏR

 15:17 08.04.2020     1425

Aprelin 6-da kütləvi informasiya vasitələrində yayılan məlumatda Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinin (təvəllüd: 2003-cü il) kəndin rus dili müəllimindən (təvəllüd: 1961-ci il) 5 aylıq hamilə olduğu və kənd icra nümayəndəsi Şəfiq Əliyevin də bu məlumatı təsdiqlədiyi haqda məlumatlar yer alıb.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Redaktor.az-a bildirilib ki, komitə əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıblar. A.Vəliməmmədova hadisəni rayon hüquq-mühafizə orqanlarının araşdırdığını, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məktəbli və anası Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirilib.

Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsinin də mütəmadi təzyiqlərinə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər. Hazırda məktəblinin  “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlılara qarşı cinsi zorakılıq və qısnama hallarını kəskin şəkildə pislədiyini, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılan çətin bir zamanda valideynləri övladlarına qarşı diqqətli və həssas davranmağa çağırıb. Karantin günlərini uşaqlara bir qədər də yaxın olub, dost mühitinin yaradılması üçün bir fürsət kimi dəyərləndirməyi və onları belə hallardan qorumaq üçün məlumatlandırıcı söhbətlər etməyi tövsiyyə edib. Bu qayğılı günlərdə insanların bir-birinə münasibətdə tolerant, sayğılı olmasının, məsələlərə daha həssas və məsuliyyətlə yanaşmalı olduqlarının vacibliyini vurğulayıb. 

Sevda Ulutau / Redaktor.az