Şirvanda karantin rejimini pozan 6 nəfər həbs edilib

 20:06 08.04.2020     874

Şirvan şəhəri ərazisində profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilir.

Redaktor.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq aprelin 5-dən etibarən Şirvan şəhərində hərəkət məhdudiyyəti tətbiq edilib, şəhər Polis Şöbəsinin əməkdaşları ilə bərəbər Daxili Qoşunların şəhər ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgər heyəti də xüsusi karantin rejiminə nəzarət prosesinə cəlb edilib. 

Şəhər Şəhər İcra Hakimiyyətinin və şəhər Polis Şöbəsinin birgə iştirakı ilə şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda əlavə tədbirlər görülüb. Gigiyena və Epidemiologiya Mərkəzi və şəhər Bələdiyyəsi tərəfindən şəhər ərazisində 191 obyektdə dezinfeksiya işləri aparılıb, şəhərin küçə və prospektləri dezinfeksiyaedici maddələrlə yuyulub. 

Eyni zamanda, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 23 mobil qrup üzvləri tərəfindən gün ərzində şəhər ərazisində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində izahetmə-xəbərdarlıq işləri davam etdirilib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, karantin rejiminin tələblərinin pozulması halları olub və Şirvan şəhər Polis Şöbəsi tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində 79 nəfər İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Onlardan 73 nəfəri müxtəlif məbləğlərdə cərimə edilib, 6 nəfər barəsində isə Şirvan şəhər Məhkəməsi tərəfindən inzibati həbs qərarı çıxarılıb.

Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin sosial xidmət işçiləri tərəfindən şəhər ərazisində yaşayan 187 nəfər ahıl və tənhalara yaşadıqları ünvanlarda sosial xidmətlər göstərilib. Eyni zamanda, 181 nəfər aztəminatlı və tənha şəxslərə Baş Prokurorluq tərəfindən yardım göstərilib.

Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdirilir. //APA