Bu şəxslər Bakıdan regionlara gedə biləcək

 18:43 09.04.2020     2302

Koronavirus pandemiyası əleyhinə tətbiq edilən qabaqlayıcı tədbirlər kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyimizə təhdid yarada bilər. Bununla bağlı artıq bütün məhdudiyyətlər aradan qaldırılıb və builki yığım təhlükəsizlik qaydalarına riayət edilməsi şərtilə baş tutacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Xəzər TV-nin “Xəzər Səhər” verilişinə müsahibəsində deyib. O bildirib ki, regionlarda kənd təsərrüfatı sahələrində yığımın təşkili üçün lazımi göstərişlər verilib:

“İnsanların əkin sahələrində yığım aparmasına heç bir məhdudiyyət olmayacaq. Bununla belə, karantin rejiminin tələblərinə riayət etmək mütləqdir. Özümüzün və başqalarının sağlamlığı üçün qaydalara əməl olunmalıdır”.

Firdovsi Fikrətzadə qeyd edib ki, insanları ən çox düşündürən məsələlərdən biri də yığım müddətində hərəkətin intensivliyidir:

“Nəzərə almaq lazımdır ki, bunun üçün bir kənddən digərinə və ya rayonlararası, hətta paytaxtdan regionlara səfərlər mütləqdir. Bununla bağlı da artıq müvafiq göstərişlər verilib:

1. İnsanlar bir kənddən digərinə yığımla bağlı getmək üçün yaşadıqları rayon icra nümayəndəliyindən müvafiq arayış almalıdırlar;

2. Yığım zamanı təkcə kəndlərarası deyil, rayonlararası da səfərlər baş tutur. Bunun üçün də yaşadıqları rayonun icra nümayəndəliyindən arayış almalıdırlar;

3. Hazırda regionlarda arıçılıq və ya başqa təsərrüfatı olan, lakin Bakıda yaşayan insanlar var. Bu insanlar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən verilən arayışı əldə edərək, öz təsərrüfatları üçün regionlara gedə biləcəklər”.