Karantin rejimini pozan şəxslər cərimələnib

 19:23 09.04.2020     1606

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər. 

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bundan başqa rayon ərazisində mütəmadi aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. 

Araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 1 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.