Bölgələrdə xüsusi karantin rejimi ilə bağlı tədbirlər - FOTOLAR

 02:10 10.04.2020     756

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Redaktor.az-a bildirilib ki, bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Əlavə olaraq bir şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs qərarı verilib.

Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə rayon polis şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir. Belə ki, bu günədək polis əməkdaşlarının keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozduqlarına görə 71 sakin barədə inzibati qaydada tədbir görülüb.

22