İTV "Səs Uşaqlar"ın final mərhələsinin vaxtını dəyişdirdi

 17:06 10.04.2020     1516

Nazirlər Kabineti yanında Operativ Qərargahın Respublika ərazisində pandemiya səbəbilə kütləvi tədbirlərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi çağırışına əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra layihələrin efir vaxtlarında dəyişiklik edib.

Redaktor.az xəbər verir ki,  İTV-nin sevilən mahnı müsabiqəsi "Səs Uşaqlar" layihəsinin aprel ayında canlı olaraq yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib. Final mərhələsi yaxınlaşdığı üçün yüzlərlə musiqi həvəskarı "Səs Uşaqlar" şousunda tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər edib. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edib. Final mərhələsinin keçirilmə tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, İTV 2019-cu ildə "Talpa Global B.V” ilə müqavilə imzalayaraq dünyada milyonlarla tamaşaçı auditoriyası olan məşhur "Səs” (The voice) mahnı müsabiqəsinin Azərbaycanda yayım hüququ lisenziyasını əldə edib. Müsabiqəyə  ilk olaraq uşaqlarla "Səs Uşaqlar" adı ilə start verilib. Verilişin komandası Azərbaycanın bölgələrində və Bakıda 400-dən çox uşağın kastinqini təşkil edib, kastinqdən keçən iştirakçılar "görmədən seçimlər" mərhələsində ustadlara öz istedadlarını nümayiş etdiriblər. Üç ustadın seçdiyi 45 nəfərin qarşıdurmasından 15 iştirakçı növbəti mərhələyə keçə bilib, həmin mərhələnin yekunu olaraq isə 6 nəfər layihənin finalında iştirak etmək hüququ qazanıb.

Bundan əlavə qeyd edək ki, İctimai Televiziya “Səs Uşaqlar”ın final turundan dərhal sonra “Səs” mahnı müsabiqəsinin böyüklər üçün nəzərdə tutulan layihəsinə start verəcək və bu məqsədlə seçim turları keçirəcəkdir.