Bu saytda 190 manatla bağlı adınızı yoxlaya bilərsiniz

 14:54 11.04.2020     2692

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Redaktor.az “Azərpoçt”-a istinadən xəbər verir ki, qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” portalında yerləşdirilir. Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer alıb.  Məlumatlar mütəmadi olaraq yenilənir.

Portalın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya FİN kodu daxil etməklə məlumat almaq mümkündür.

Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə SMS göndərilir. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.