Bu ölkədə koronavirusa yoluxan azərbaycanlıların hamısı sağaldı

 11:44 22.04.2020     781

Azərbaycanın Fransadakı səfirliyinə təxliyə ilə bağlı 100-dən artıq Azərbaycan vətəndaşı müraciət edib.

Redaktor.az xəbər verir ki, bu barədə Reporta-a səfirliyin konsulu Vüqar Əliyev bildirib.

Onun sözlərinə görə, "Evə qayıdıram" portalı hələ ki, Rusiya ərazisində olan azərbaycanlılar üçün aktivdir və mərhələli şəkildə digər ölkələr üçün də aktiv ediləcək.

V.Əliyev Fransada azərbaycanlılar arasında koronavirusa (COVID-19) yoluxanların olub-olmamasına da münasibət bildirib:

“Həmvətənlərdən 3 nəfərdə koronavirus olduğu təsdiqini tapıb və hər biri sağalıb”.

O əlavə edib ki, martın əvvəlindən gücləndirilmiş iş rejiminə keçən səfirlikdə 24 saat fəaliyyət göstərən “Qaynar xətt” yaradılıb:

"Vətəndaşların müraciətləri onlayn rejimdə də qəbul edilir. Həmçinin səfirliyin sosial şəbəkə profilləri vasitəsilə vətəndaşların sorğuları cavablandırılır, eləcə də Fransa hökuməti tərəfindən qəbul edilən qərarlar, verilən tövsiyələr operativ şəkildə müxtəlif dillərdə hazırlanaraq paylaşılır. “Qaynar xətt” ilə yanaşı, konsulluğun telefon nömrələrinə gələn zənglər şəxsi nömrəyə yönləndirildiyindən konsulluğun sabit nömrələri 24 saat ərzində həmvətənlərimiz üçün əlçatandır".