SOCAR-ın idarələri çətin vəziyyətdə olan ailələrə yardım edib

 17:05 24.04.2020     774

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ayrı-ayrı İdarələri aztəminatlı, çətin vəziyyətdə yaşayan ailələrə yardım etməkdə davam edir.

Redaktor.az xəbər verir ki, “Siyəzənneft” NQÇİ, “Bibineybətneft” NQÇİ, Ə.C. Əmirov adına NQÇİ-nin əməkdaşları aztəminatlı, əlil vətəndaşlara ərzaq yardımı ediblər.

Siyəzən şəhəri Tofiq İsmayılov küçəsi bina 47 ünvanında kirayə yaşayan, hər ikisi birinci qrup gözdən əlil olan ər-arvad Səfərov Xoşbəxt Fərzəli oğlu və Səfərova Marina Şahverən qızı “Siyəzənneft” NQÇİ-nin yardım etdiyi insanlardandır. Onlar dövlətdən aldıqları təqaüd ilə dolanırlar. Dərman və digər ehtiyaclar sərf olunan təqaüd əlil ailəni tam olaraq təmin etmir. Daimi mənzilləri olmayan Səfərovların dəstək verəcək övladları da yoxdur.

“Bibiheybətneft” NQÇİ-nin isə yardım etdiyi ailələrdən biri Arif İsmayılov küçəsi ev 19 ünvanında balaca bir otaqda kirayədə yaşayan Hüseynova Aygün Hümbət qızının ailəsidir. O, öz övladından əlavə bacısına və bacısının 3 övladına analıq edir. Uşaqlar körpə olduğuna görə Aygün xanımın bacısı uşaqlarla evdə qalmaq məcburiyyətindədir. Aygün xanım isə günəmuzd işləyərək ailəni maddi tərəfdən bacardığı qədər təmin edir. Hazırda məlum vəziyyətlə bağlı Aygün xanım işsizdir və əlavə gəlir yeri yoxdur. Ailə olduqca acınacaqlı vəziyyətdədir.

Ə.C.Əmirov adına NQÇİ-nin yardım etdiyi ailələrdən biri Lökbatan qəsəbəsi Həzi Aslanov küçəsi ev 4 ünvanında yaşlı anası, 4 övladı və həyat yoldaşı ilə yaşayan Baxşıyev Gəncalının ailəsidir. Karantin dövrünə qədər yoldaşı və özü günəmuzd işləyib,  hazırda isə işləmir və əlavə gəlir yerləri yoxdur.

 

Ərzaq yardımı edilən digər şəxslər isə Lökbatan qəsəbəsi S.Orucov küçəsi, döngə 6, bina 12 ünvanında yerləşən 1 otaqlı evdə yaşayan Məhərrəmova Kəmalə və onun polimerik iflic xəstəliyindən əziyyət çəkən 23 yaşlı oğlu Əliyev İlkindir. Kəmalə xanım özü tək övladının qayğısına qalır və ailənin maddi durumu ondan asılıdır. Onun övladına 2 yaşında qoyulan səhv diaqnoz və düzgün aparılmayan müalicə nəticəsində ayaqları tutularaq hərəkət imkanlarını itirib. İlkinin bədənin beldən aşağı hissəsi tam olaraq fəaliyyətsizdir. Kəmalə xanım günəmuzd işlədiyinə görə yaranan vəziyyətlə bağlı hazırda gəlir əldə edə bilmir. Vəziyyətləri ağırdır.