HEYDƏR ƏLİYEV – Dövlət necə qurulur!
“Müstəqilliyi əldə etmək nə qədər asandırsa, onu qoruyub saxlamaq o qədər də çətindir”. Heydər Əliyev`
Tarixdə müxtəlif şəxsiyyətlər olub. Adları tarixdə qalan, müəyyən dövrün tarixini yaradan. Onlardan bəziləri “sonunu düşünən qəhrəman olmaz” şüarı ilə hərəkət edib, özündan qat-qat güclü istilaçılara qarşı xalqı qaldırıb, mübarizəyə rəhbərlik edib, adı qəhrəman kimi tarixə düşsə də sonunda məğlub olub, onun qəhrəmanlığına görə onun ardınca gedən xalqı isə qılıncdan keçirilib, qul edilib, uzun müddət özünə gələ bilməyib. Lakin bəzi şəxsiyyətlər üstünə gələn qüvvənin təhlükəsini düzgün qiymətləndirərək həmin qüvvənin öz xalqına vura biləcəyi zərəri minimuma endirməyin yollarını tapmağa çalışmışlar. Bəzilərinə təslimçilik kimi görünən bu davranış əslində öz xalqının xilasını təmin etmişdir. Onsuz da istilanın qaçınılmazlığı tam aydın olduğu halda həmin istilaçıya qarşı savaşa qalxmaqdansa, onunla dil tapıb, öz xalqını məhvdən xilas etmək, məncə, daha düzgün yoldur. Odur ki, bəzi liderlər öz adını tarixə qəhrəman kimi, bəziləri müdrik siyasətçi kimi yazdırmışlar.
Adını tarixə yazdırmış siyasətçilərdən biri də Heydər Əliyevdir.
Mən Heydər Əliyev adını ilk dəfə 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində eşitdim. Hələ orta məktəbdə oxuyurdum. Kənd uşaqları idik, adını eşitdiyimiz ancaq Lenin baba, bir də raykom katibi idi. Böyüklərin söhbətindən respublikaya rəhbərlik edən şəxslər haqqında eşidərdik. Bir gün ildırım sürəti ilə belə bir xəbər yayıldı ki, bəs təzə birinci katib (Azərbaycan KP MK-nın birinci katibi) Heydər Əliyev özü yük maşının sükanı arxasında Bakıdan rayonlara tikinti materialları aparıb və yol boyu onu saxlayıb pul alan “QAİ” işçilərinin adlarını qeyd edərək, Bakıya qayıtdıqdan sonra hamısını işdən çıxarıb məsuliyyətə cəlb edilmələrini tapşırıb. Uzun müddət həmin”QAİ” işçilərinin istismarından əziyyət çəkmiş camaat axır ki bu özbaşınalıqlara son qoyulacağından xüsusi həvəslə danışırdı. Həyata keçirilən tədbirlər nəticəsində həmin vaxt korrupsiyaya qurşanmış bir çox vəzifəli şəxs işindən azad olundu, həbs edildi, bir çox gizli iqtisadiyyat sahələri çökəldildi. Azərbaycanda baş verən bu dəyişikliklərdən xarici dövlətlərin mətbuat orqanları yazmağa başladı.
1972-ci ildə, 8-ci sinfin əvvəlində mən Bakıya gəldim və dayımgildə yaşayaraq orta təhsilimi davam etdirdim. Dayım II dünya müharibəsinin iştirakçısı idi. 1941-ci ildə cəbhəyə getmiş, 1946-cı ildə (onların hərbi hissəsi müharibə bitdikdən sonra İrana göndərilmişdi) evinə qayıtmışdı. O, müharibənin bütün ağrı-acısını görmüş, hərb işini və rus dilini bilməməyin azərbaycanlılara necə baha başa gəldiyinin şahidi olmuşdu. Bir gün dayımın işdən xüsusi əhval-ruhiyyədə gəldiyini gördük. O, “Heydər Əliyev Azərbaycanda hərbi məktəb açıb (söhbət Cəmşid Naxçıvanski adına məktəbdən gedirdi)” deyərək, bunun nə qədər böyük hadisə olduğunu anlatmağa çalışdı. Evdəkilərin, “açıb-açıb da, burda nə var ki” sözlərinə, “siz müharibə görməmisiniz, görsəydiniz, bilərdiniz, bu nə deməkdir” deyə cavab verdi və əlavə etdi: “Heydər Əliyev bundan sonra heç nə etməsə də, təkcə bu məktəbə görə onun adı Azərbaycanın tarixinə düşəcək”. Sonrakı illər onun nə qədər haqlı olduğunu göstərdi. Xüsusilə də Dağlıq Qarabağ hadisələri başlayanda, müstəqilliyimizin ilk illərində məhz həmin məktəbin yetirmələri ön cəbhədə oldular. Milli Ordu quruculuğunda onların rolu əvəzedilməz oldu. Bütün bunlar Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında sonsuz xidmətləri vardır. Hər zaman onun keçən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi böyük quruculuq işlərindən danışılmış, yazılmışdır. Heydər Əliyev nə etdi? O, Azərbaycanı adi bir aqrar ölkəsindən dövrünə görə müasir sənayeyə malik olan bir ölkəyə çevirdi. Və bu zaman respublikanın bir neçə problemini həll etdi. Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndə azərbaycanlılar Bakıda tam çoxluğa malik deyildilər. Şəhərdə danışıq dili isə demək olar ki, rus dili idi. O, Azərbaycan dilinin respublikamızın hakim dili olduğunu rəsmi tədbirlərdə azərbaycan dilində çıxış etməklə cəmiyyətin şüuruna yazdı. Artıq 10 ildən sonra Bakı əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir, azərbaycan dili isə əsl dövlət dili kimi işlədilirdi. Bu proses həyata keçirilərkən kimsəyə qarşı haqsızlıq, heç bir millətin nümayəndələrinə qarşı ayrı-seçkilik edilməmiş, kimsə milli mənsubiyyətinə görə sıxışdırılmamışdı. Həmin dövrdə bu heç mümkün deyildi. Bəs bu dəyişikliklərə necə nail olundu? Məlumdur ki, II dünya müharibəsi bitdikdən sonra keçmiş SSRİ dövlətinin əsas siyasətindən biri də ölkədə demoqrafik vəziyyətin düzəldilməsi olmuşdu. Bu məqsədlə çoxuşaqlı ailələr üçün bir çox imtiyazlar müəyyən edilmiş, “qəhrəman ana” adı təsis edilmişdi. Keçən əsrin 50-60-cı illərində Azərbaycanda, xüsusilə də kənd yerlərində çoxuşaqlı ailələr adi hala çevrilmişdi. Həmin ailələrin uşaqları isə artıq 70-ci illərin əvvəllərində böyüyərək işçi qüvvəsi kimi yetişmişdilər. Lakin kənd yerlərində iş yeri ancaq kolxozlarda idi ki, onun da həddi vardı. Bu da yerlərdə həddən artıq izafi işçi qüvvəsinin yaranmasına gətirmişdi. Bu isə öz növbəsində sosial gərginliyin artmasına səbəb ola bilərdi. Belə bir vəziyyətdə Heydər Əliyev bir neçə problemi demək olar ki eyni vaxtda həll etdi. Bakıda və Sumqayıtda iri sənaye müəssisələri, həmin müəssisələrdə işləyə biləcək ixtsaslı kadrların hazırlanması üçün peşə məktəbləri açıldı, həmin kadrların yaşaması üçün yataqxanalar (o cümlədən ailəvi yataqxanalar) tikildi, bunlarla paralel məktəbləri bitirənlərin yaşamaları üçün yeni qəsəbələr, mikrorayonlar salındı, kənd rayonlarından 8 və 10-cu sinfi bitirmiş gənclər həmin peşə məktəblərinə cəlb olundular, daha yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün yüzlərlə gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərildilər, kəndin üzərinə çökmüş ağır sosial yük azaldıldı və Bakıda demoqrafik vəziyyət azərbaycanlıların xeyrinə dəyişdi. Azərbaycan keçmiş SSRİ ərazisində bəzi məhsulların istehsal edildiyi müəssisələrə malik olan tək respublika oldu. Bütün bunlar bir şahmat qroysmeystrinin qalibiyyətə aparan gedişlərini xatırladır. Bir məsələni də qeyd edim ki, o vaxtlar SSRİ-nin müxtəlif şəhərlərinə göndərilən gənclərdən bəziləri elə orda da qaldılar və Azərbaycanın bu günkü diasporasının əsasını təşkil edirlər.
Yuxarıda qeyd etdiyim kimi, Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra Azərbaycan dilinə münasibət kökündən dəyişdi. Ümumiyyətlə, Heydər Əliyev milli məsələyə həmişə böyük həssaslıqla və təəssübkeşliklə yanaşmışdır. Ona görə də, respublikaya rəhbərliyə başladıqdan az sonra Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubiley tədbirlərində öz çıxışını Azərbaycan dilində etdi. Mən hər zaman Heydər Əliyevin çıxışlarını diqqətlə və heyranlıqla izləmişəm. O, öz çıxışlarında ən elementar bir qramatik səhvə də yol verməmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı ilk vaxtlardan Azərbaycan dilində etdiyi çıxışlar heyrətlə qarşılanırdı. Uzun müddət xidmət sahəsində bütün danışıqları, yazışmaları, sənədləşmələri rus dilində aparmış bir şəxsin birdən-birə Azərbaycan dilində bu qədər səlis, səhvsiz və məzmunlu çüxış edə bilməsinin yalnız bir izahı ola bilərdi – o, özünə qarşı son dərəcə tələbkar, yorulmadan şalışan və xüsusi istedad sahibi, eyni zamanda öz millətini və dövlətini ürəkdən sevən bir şəxsdir. İstər rəsmi tədbirlərdə məruzə edərkən, istər hansısa bir başqa tədbirdə çıxış edərkən, istərsə də insanlarla söhbət edərkən Heydər Əliyevin danışığında uyğunsuzluq olmazdı. Bəzən onun cümləsi xeyli uzanardı, adama elə gəlirdi ki, bu vəziyyətdə mübtəda ilə xəbəri uyğunlaşdırmaq çətin olacaq, amma H.Əliyev elə məharətlə cümləsini tamamlayırdı ki, heyran qalmamaq mümkün olmurdu. Qeyd edim ki, H.Əliyev rus dilində də eyni şəkildə savadlı, səlis və səhvsiz danışırdı. Azərbaycan dilinə bu cür hörmətli münasibəti biz bu gün cənab Prezident İlham Əliyevdə də görürük. Orta və ali təhsili rus dilində almasına baxmayaraq cənab Prezidentin Azərbaycan dilində çıxışları hər bir azərbaycanlı üçün, xüsusilə də rəhbər vəzifə tutan şəxslər üçün nümunə olmalıdır.
Heydər Əliyev öz fəaliyyətində, xüsusilə də beynəlxalq siyasət sahəsində hay-küyçülüyə, şüarçılığa yol verməmişdir. Bu gün bir çox adına siyasətçi deyənlər yeri gəldi-gəlmədi cənubi Azərbaycan məsələsini ortaya atır, vahid Azərbaycanın qurulmasından danışır. Soruşsan, əlində bu məsələnin həlli ilə bağlı nə bir plan var, nə də təklif. Siyasi şüar irəli sürmək başqa şeydir, əməli iş görmək başqa şey. SSRİ-nin qan-qan deyən vaxtında cənubi Azərbaycanla əlaqəni qurmağa nail olan məhz Heydər Əliyev olmuşdur. Keçən əsrin 70-ci illərinin ortalarında Azərbaycan radiosunda fəaliyyətə başlayan cənubi Azərbaycan studiyası məhz bu məqsədə xidmət edirdi. Təbii ki, bu studiyanın təşkilinin məqsədi başqa cür göstərilmişdi. İran NATO üzvü olduğu üçün guya ona qarşı ideoloji mübarizə məqsədilə yaradılmışdı. Amma həmin verilişlərdə bir xalqın ayrı düşmüş övladları bir-birinin səsini eşidir, şirin Təbriz ləhcəsi radiolardan ölkəmizə yayılırdı. H.Əliyevin cənubi Azərbaycan məsələsində həssaslığı həm də müxtəlif illərdə İrandan Azərbaycana mühacirətə gəlmiş şəxslərə münasibətdə özünü göstərirdi. Həmin insanlar dövlət tərəfindən hər bir qayğı ilə əhatə olunur, cəmiyyətimizə inteqrasiya olunmaları üçün bütün şərait yaradılırdı.
H.Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanı hər yerdə layiqincə təmsil etməsi olmuşdur. Ölkəsinin sərhədindən kənara çıxan hər bir kəs qeyri-ixtiyari öz ölkəsinin, millətinin təmsilçisinə çevrilir. Onun intellekti, davranışı, mədəniyyəti – hər şey millətin adına yazılır. Filan millətdən olan və ya filan ölkənin vətəndaşı bu hərəkəti edib deyə məlumat yayırlar – yaxşı əməli yaxşı kimi, pis əməli pis kimi təqdim edirlər. Təbii ki, bu məlumatları oxuyan, eşidən hər kəsdə həmin millət, ölkə haqqında müsbət və ya mənfi təəssüratlar formalaşır. Heydər Əliyev Moskvada yüksək rəhbərlikdə çalışarkən bütün hərəkətləri ilə, davranışı ilə, danışığı ilə Azərbaycana yalnız başucalığı gətirmiş, xalqımız haqqında yalnız xoş təəssüratlar formalaşdırmışdır. Keçmiş SSRİ-nin bir sıra yerlərində, bir çox xarici ölkələrdə Azərbaycanı məhz Heydər Əliyevə görə tanımışlar. Keçən əsrin 80-ci illərinin ortalarında mən Moskva Dövlət Universitetində elmi ezamiyyətdə olarkən H.Əliyevin necə nüfuz və hörmətə malik olduğunu müşahidə etdim. Təsadüfi deyildi ki, həmin illərdə keçmiş SSRİ ərazisində baş verən ciddi hadisələrin araşdırılması, mühüm dövlət layihələrinə rəhbərlik H.Əliyevə tapşırılırdı. Hər dəfə laboratoriyamızdakı kiçik televizorda onun çıxışına baxarkən elmi rəhbərimin arvadının gizli bir həsədlə (onun atası milliyyətcə erməni idi) “məncə siyasi büroda onun (H.Əliyev) kimi rusca belə savadlı çıxış edən ikinci bir adam yoxdur. Digərləri kağızdan zorla oxuyur, o isə kağızsız sinədəftər danışır” deyərdi.
Heydər Əliyevi fərqləndirən bir çox cəhətləri vardı. Onlardan biri o idi ki, o, özünə qarşı həddindən artıq tələbkar idi, işinə çox böyük məsuliyyətlə yanaşardı, yorulmaq bilmədən çalışardı və eynisini də digərlərindən tələb edərdi. O, hər zaman demək olar ki, hər bir situasiyaya hazırlıqlı olardı. Əgər kimya sənayesi ilə bağlı problem müzakirə olunacaqdısa, o, qabaqcadan həmin sahənin mütəxəssisləri ilə görüşər, zəruri bilgiləri alardı ki, məsələ müzakirə olunanda məlumatsız olmasın. Eləcə də kənd təsərrüfatı, sənayenin digər sahələri, elm, təhsil, mədəniyyət, səhiyyə sahələri üzrə problemlərin müzakirəsində onun nümayiş etdirdiyi biliklər həmsöhbətlərini heyrətləndirərdi. Amma bunun arxasında gərgin əmək, çalışqanlıq vardı. Bir vaxtlar Heydər Əliyevlə Azərbaycan DTK-da işləmiş, sonralar Azərbaycanın milli təhlükəsizlik orqanlarında birgə çalışdığımız əməkdaşlardan biri onunla bağlı belə bir əhvalat danışmışdı. “Mən adətən işdən sonra gec saatlara qədər iş yerimdə oturar, ya sabahkı işlərimlə bağlı sənədləri qaydaya salar, ya da bədii ədəbiyyat oxuyardım. Hamı iş qurtaran kimi binanı tərk etdiyi üçün dəhlizlərdə işıqlar söndürülər, yalnız bəzi otaqların qapısının aşağısından işıq süzülərdi. Heydər Əliyev özü də həmişə işdən gec gedərdi. Bir gün yenə otağımda oturub öz işlərimlə məşğul idim. Bu zaman qəfildən qapı açıldı və Heydər Əliyev içəri daxil oldu. O, məndən, nə üçün getmədiyimi, nə işlə məşğul olduğumu soruşdu. Mən də adətən kitab oxuduğumu bildirdim. Bir neçə məsələ ilə bağlı soruşduqdan sonra o sağollaşıb getdi. Bundan bir neçə gün sonra yenə də axşam vaxtı Heydər Əliyev qapını açaraq otağa daxil oldu və o zaman keçmiş SSRİ-də böyük səs-küyə səbəb olmuş M.Şoloxovun “Sakit Don” kitabını mənə uzadaraq, “bunu oxu və mənə ətraflı bir arayış hazırla” dedi. Mən əsəri artıq oxumuşdum, bununla belə kitabı götürdüm və bir həftə ərzində əsər barədə müfəssəl bir arayış hazırlayıb Heydər Əliyevə verdim. Təqribən 10 gün sonra bir dövlət tədbirində H.Əliyev geniş nitq söylədi, o cümlədən “Sakit Don” əsəri haqqında danışdı. Mənim hazırladığım arayıdan da istifadə etdi, lakin mənim üçün gözlənilməz olan onun daha dərin təhilə əsaslanan öz fikirləri oldu”. Bu misal göstərir ki, H.Əliyev hər bir işə necə məsuliyyətlə yanaşardı.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışarkən onun Azərbaycanın müstəqilliyinin qorunması yolundakı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Faktiki olaraq Heydər Əliyev imkansızı bacardı. Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərliyə gələndə ölkənin vəziyyəti çox ağır idi. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz idi. Bir tərəfdən, Dağlıq Qarabağda baş verən ağır itkilər, bir tərəfdən vətəndaş müharibəsi təhlükəsi, bir tərəfdən də əlavə separatizm ocaqları çox çətin vəziyyət yaratmışdı. Digər tərəfdən, hər vasitə ilə Azərbaycanı tamamilə öz təsiri altına almaq istəyən Rusiyanın təhdidləri, beynəlxalq aləmdə kifayət qədər tanınmamağımız və lazımi dəstəyin göstərilməməsi durumu daha da ağırlaşdırırdı. Belə bir vəziyyətdə Azərbaycanın müstəqil dövlət kimi dünya xəritəsində qalması məsələsini həll etmək böyük ağıl və müdrik siyasət tələb edirdi. Heydər Əliyev bu vəzifələrin öhdəsindən məharətlə gəldi – səbrlə, ağılla, emosiyalara qapılmadan. Faktiki olaraq Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinin qorunmasını bir tərəfdən vəhşi ayının, digər tərəfdən aslanın hücumuna məruz qalan insanın sağ qalmasına bənzətmək olar. İndi düşünün, ayı da, aslan da səni parçalamaq istəyir və sən elə bir məharət göstərməlisən ki, nəinki sağ qalasan, həm də həmin ayı da, aslan da sənin sağ qalmağında maraqlı olalar və səni bir-birindən qoruyalar. Heydər Əliyevin siyasəti belə bir siyasət idi. O, qeyd etdiyim kimi, səbrlə, hay-küy salmadan bütün qonşularla normal münasibətləri qurdu, dünya dövlətlərinə Azərbaycanın hansı ədalətsizliyə məruz qaldığını çatdırdı və bunlarla paralel olaraq nizami (ayrı-ayrı şəxslərin adı ilə bağlı olmayan) ordu quruculuğunu sürətləndirdi. Heydər Əliyev nəinki əzilmiş, parçalanma ilə üz-üzə qalmış, sağ qalmaq uğrunda çarpışan Azərbaycanı məhv olmaqdan xilas etdi, həm də onu ayağa qaldırdı və siyasəti ilə, iqtisadiyyatı ilə, hərbi gücü ilə öz sözünü deyə bilən bir ölkəyə çevirdi. O, bütün çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətinin dayaqlarını yaratmaqla məşğul oldu. Bu dayaqlar hansılardı? Birincisi, daxili stabillik və güclü iqtisadiyyat. İkincisi, beynəlxalq aləmdə tanınma və qəbul olunma. Bəlkə də ikinci məsələyə H.Əliyev daha çox diqqət ayırdı, vaxt və güc sərf etdi. O, yaxşı başa düşürdü ki, bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi tək Azərbaycanın daxilində, onun hərbi və iqtisadi gücü ilə həll olunmur. Daha çox ölkələri Azərbaycanın haqq işinə dəstək verməyə inandırmaq, ermənilərin uzun illər ərzində Azərbaycan barəsində formalaşdırdıqları mənfi rəyi dəyişmək, informasiya blokadasını dağıtmaq lazımdı. O, ölkəbəölkə gəzərək, xaricdə siyasətçilər, iş adamları qarşısında yorulmadan çıxışlar edir, dövlət başçılarına, parlamentlərə regionda baş verənlər barədə həqiqəti çatdırırdı. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi asılı olmayan güclü iqtisadi və hərbi potensiala, beynəlxalq nüfuza malik olan xarici siyasətə əsaslanan davamlı bir müstəqillik oldu. Binanın bünövrəsi nə qədər möhkəm olarsa, onun ömrü də o qədər uzun olar, bütün təlatümlərə, fəlakətlərə davamlı olar. Məhz Heydər Əliyevin təməlini atdığı müstəqilliyimizin bünövrəsinin möhkəmliyi, həmin müstəqilliyin uzunömürlü olmasının, onun öz sözləri ilə desək, dönməzliyinin əsası olmuş, dövlətimizin dayanıqlı və sarsılmaz inkişafını təmin etmişdir.
Heydər Əliyevin bu uğurlara nail olmasının səbəblərindən biri də, yəqin ki, onun hadisələri düzgün qiymətləndirməsi, realist olması, dövlət quruculuğu və idarəetməsinə bir macəra kimi baxmaması idi. Çox adamlar ölkə prezidenti olmaq iddiasına düşə bilərlər, gözəl ideyaları ola bilər. Amma bu ideyaları həyata keçirmə yollarını aydın bilmədən, hansı maneələrlə üzləşcəyini və o maneələri necə aşacağını təsəvvür etmədən bu yola çıxmağın sonu məğlubiyyətdir. Yəni allah ümidinə, nə olar, olar deyib siyasətə atılmaq olmaz. Əbülfəz Elçibəy vətənini sevən bir çox müsbət keyfiyyətlərə malik insan olsa da onun bu müsbət keyfiyyətləri hakimiyyətini qorumağa, uğrunda savaşdığı ideyaları sona kimi həyata keçirməyə kömək etdimi? Mən deyərdimi ki, nəinki kömək etmədi, hətta onun hakimiyyətinin (az qala bütövlükdə Azərbaycan dövlətinin) süqutuna gətirdi. Çünki, o, bu yola çıxarkən idealist bir düşüncə ilə çıxmışdı, elə düşünürdü ki, müqəddəs müstəqillik ideyası hamı üçün eyni dərəcədə əzizdir, guya dünyada demokratiyanı dəstəkləyən qərb dövlətləri onu hər təhlükədən qoruyacaqlar. O, müstəqil Azərbaycanın hansı təhdidlərlə üzləşəcəyini, qarşısına necə güclərin çıxa biləcəyini hesablaya bilməmişdi. Əlbəttə, maneələr olmasa, çox işlər görmək olar.
1993-cü ilin oktyabr ayında o vaxt çalışdığım təşkilatdan bir dövlət tədbirində məxfiçiliyin təmini məqsədilə ezam olunmuşdum. Tədbirə cəlb olunan şəxslər ali və orta məktəb müəllimləri idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından bir neçə ay keçmişdi. Ölkədə vəziyyət hələ də ürəkaçan deyildi – rayonlarımız işğal olunur, qaçqınların sayı artırdı. Təbii ki hadisələrə hər kəsin öz baxışı vardı. Vəziyyətdən narazı olanlar az deyildi. Həmin tədbirdə də əsas iş görülməklə yanaşı bütün bu məsələlər daima müzakirə və mübahisə predmeti olurdu. Belə söhbətlərin birində bir müəllimin “qoydular ki, kişini prezident seçilməyə, o seçilsəydi, indi bu bəlaları yaşamazdıq” sözlərini dediyini eşitdim. Mən həmin müəllimdən kimi nəzərdə tutduğunu soruşduqda, o, “kim olacaq, Nizami Süleymanov. O hər şeyi düzəldəcəkdi” deyə cavab verdi. Bu sözləri deyən ali məktəb müəllimi idi. O vaxt hadisələrin şahidi olanların yadında olar, N.Süleymanov seçki kampaniyasinda nələr vəd etmirdi – təzə evlənənlərə pul, ev, Qarabağ məsələsinin həlli, icad etdiyi raketlər və s. Özü də arqument kimi “Bulaq” avadanlığını istehsal edən zavodunu misal göstərir, orada işçilərə necə yüksək maaş verdiyini deyirdi. Mən həmin müəllimdən “N.Süleymanovun bir zavodu var idi, işçilərə də yüksək maaş verirdi, onun axır necə oldu” deyə soruşduqda, həmin müəllim hirslə “Nolacaq ki, qoydular ki işlətməyə, qoymadılar, o da məcbur oldu bağladı, adamlar da qaldı işsiz” deyə cavab verdi. Bunun cavabında mən “müəllim, bir zavodu ayaq üstə tuta bilməyən adam, bir ölkəni necə ayaq üstə tutacaqdı? Məgər o, ölkənin başına keçdikdə, qarşısına heç bir maneə çıxmayacaqdımı? Bütün ölkələr bizə yaşıl işıq yandıracaqlardı?”. Təbii ki cavab ala bilmədim. Bu misalı niyə gətirdim. Hakimiyyətə gəlmək olar – gözəl niyyətlərlə, arzularla, planlarla. Amma bunları həyata keçirməyin yollarının nə qədər çətin olduğunu, dünyanın buna münasibətinin necə olacağını, kimlərlə necə əlaqələr qurulacağını, ölkəyə qarşı müsbət münasibətin formalaşdırılması yollarını aydın təsəvvür etmədən uğur qazanmaq mümkün deyil.
Müstəqilliyin qorunması – böyük qurbanlar tələb edir. Bəzən istəmədiyin, böyük ürək ağrısı ilə qərarlar qəbul etməli olursan. Bəzən böyük əksəriyyətin anlaya bilmədiyi, populyar olmayan, amma dövləti, xalqı daha böyük fəlakətlərdən qoruyan addımlar atmalı olursan.
20-ci əsrdə Azərbaycan iki dəfə müstəqil olmuşdur. Birinci dəfə Rusiya imperiyasının, ikinci dəfə SSRİ-nin süqutu nəticəsində. Birinci dəfə Məmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi 23 ay sürdü, ikinci dəfə Əbülfəz Elçibəyin hakimiyyəti bir il sürdü və az qala yenə də müstəqilliyimizin süqutuna gətirəcəkdi. Nə Məmməd Əmin Rəsulzadənin, nə də Əbülfəz Elçibəyin vətənsevərliyi, Azərbaycanın müstəqilliyini ürəkdən istəmələri kimsədə şübhə doğurmur. Lakin tarix göstərdi ki, təkcə böyük sevgi və gözəl arzular müstəqil dövlətin yaşaması üçün kifayət etmir. Heydər Əliyevin Azərbaycanı 27 ildir ki, müstəqildir və bütün problemlərə baxmayaraq günü-gündən güclənir. Bu, kimsənin inkar edə bilməyəcəyi bir faktdır. Həmin 27 ilin 17 ili də H.Əliyevin bütün mənalarda davamçısı İlham Əliyevin payına düşür. Bu dövr Heydər Əliyev tərəfindən yaradılmış möhkəm dayaqlar üzərində duran Azərbaycanın sürətli iqtisadi inkişaf mərhələsi oldu. Bütün sahələrdə əldə olunan irəliləyişlər həm də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması ilə müşaiyət olundu. Biz bu gün dünyada baş verən bütün sarsıntılara tamamilə dayanıqlı bir Azərbaycanda yaşayırıq. Son koronavirus bəlasının dünyanın güclü ölkələrini saldığı vəziyyətlə Azərbaycanı müqayisə etdikdə bunun bir daha təsdiqini görürük. Ağıllı və düşünülmüş siyasət budur.
Məhz bu böyük xidmətlərinə görə Heydər Əliyevə Azərbaycanın Ümummilli Lideri deyilir.
Məhəmməd Məhərrəmov
BDU Fizika fakültəsinin dekan müavini, DTX-nın istefada olan polkovniki