Azərbaycanda insanlara niyə belə SMS göndərilir? - ARAŞDIRMA / FOTO

 20:18 30.05.2020     33265

Azərbaycan Respublikası daxilində mobil operatorların, nazirliklərin, özəl şirkətlərinin göndərdiyi məlumat mesajlarında (SMS) Azərbaycan əlifbasından istifadə olunmur. Bəli, məhz istifadə olunmur! Çünki, Azərbaycan əlifbasını formalaşdıran spesifik hərflər “ə”, “ş”, “ö”, “ü”, “ğ”, “ç” simvollarıdır. Onlardan istifadə olunmadığı halda, Azərbaycan əlifbasından söhbət gedə bilməz.

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə “Dil norması və cəmiyyətimiz” məqaləsində qeyd edir: “Dil toxunulmaz, milli mənsubiyyəti əvəzsiz müqəddəs bir nemətdir. Hər yerdə hər kəsə qarşı cinayət cəza ilə nəticələnir. Amma dilə münasibətdə dözümlülük özünü göstərir. Əslində isə ən incə münasibət dilə qarşı olmalıdır”.

Bəs, bu dözümlülük nədən irəli gəlir? Hər gün ingilis əlifbası ilə mesaj alan insanları bu məsələ niyə az da olsa narahat etmir?

BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli məsələ ilə bağlı Redaktor.az-a bildirib ki, hər şey insanların laqeydliyindən irəli gəlir:

“Bu məsələ məni də çox narahat edir. Birinci səbəb bir sıra telefon və texniki avadanlıqlarda Azərbaycan əlifbasının olmamasıdır. Məsələ qaldırmaq lazımdır ki, bu cür avadanlıqlar satışa buraxılmasın. İkincisi, insanlarımız özləri bu məsələyə laqeyd yanaşırlar. Əlifba proqramını yazdırmaq o qədər də çətin iş deyil”.

Qarabağdan həmişə danışmaq üçün (Birinci söhbət) – 1905.az

Fikrət Əlizadə “Dil norması və cəmiyyətimiz” məqaləsində qeyd edir: “Bir dəfə telekanallarımızdan birində deyildi ki, bir ay ərzində qəzetlərimizdə on mindən çox orfoqrafik səhv çıxıb. Bu o deməkdir ki, oxucular savadsızlığa sürüklənir”.

Belə olan halda ingilis əlifbası ilə yazılmış, özəlliklə mobil operatorların göndərdiyi mesajların kütləvi çatımlılığı insanları nəyə sürükləyir?

Milli Məclisin iclasında (08.05.2020) “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilib. Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə ediləcəklər. Həmçinin, dil normalarını pozanlara qarşı inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif edilib.

KİV haqqında qanuna edilən və yalnız KİV-də dil normalarının pozulmasına tətbiq olunan cərimələr, dövlət strukturları, şirkətlər və mobil operatorların hər gün dil normalarını pozmasının diqqətdən kənarda qalması ilə ziddiyyət təşkil etmirmi?

AMEA Nəsimi adına Dilçilik İnstitutu elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Redaktor.az-a bildirib ki, bu cür mesajların göndərilməsi birmənalı olaraq,  dil haqqında qanunun pozulmasıdır:

“Əlbəttə, mətnlər Azərbaycan əlifbası ilə yazılmalı və göndərilməlidir. Qanuna görə, Azərbaycanda latın əlifbası tətbiq olunur. İnstitutda mövcud olan monitorinq şöbəsi mütəmadi olaraq monitorinqlər keçirir. Yaxın zamanda onların səlahiyyətləri daha da genişləndiriləcək. Dil qüsurları olarsa, dil haqqında qanun pozulursa, Milli Məclisin qərarına əsasən cərimələr tətbiq olunacaq. İnanıram ki, bu məsələlər də onların fəaliyyətində mütləq öz əksini tapacaq. Müasir texnologiya imkan verir ki, əlifbamız rəsmi yazışmalarda, mətn mesajlarında, dövlət idarə və müəsissələrindən gələn məlumatlarda tətbiq edilsin. Bütün bunlar sadəcə laqeydlikdən irəli gəlir”.

Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk məsələyə münasibət bildirərkən qeyd edib ki, nəinki mesajlarda, dil normalarının kobud şəkildə pozulmasına bir çox məqamlarda rast gəlmək mümkündür:

“Milli müstəqilliyimizə qovuşduqdan sonra latın qrafikalı Azərbaycan əlifbasının da bərpasına nail olduq, dünya xalqlarının ümumi yazı sisteminə qoşulduq. 20 ilə yaxındır ki, latın qrafikalı Azərbaycan əlifbasına keçmişik. Bu müddət ərzində çoxlu fərman və sərancamların verilməsinə baxmayaraq, dilimizin və əlifbamızın tətbiqi ilə bağlı hələ də müəyyən problemlər qalmaqdadır. Bakı şəhərində reklam xarakterli lövhələrin 50 faizdən çoxunu ingilis dilində olan sözlər təşkil edir. Təəssüf ki, reklam xarakterli lövhələrdə Azərbaycan dilində olan sözlərdən istifadə faizi çox aşağıdır. Bir çox yerlərdə Azərbaycan dilində yazı yoxdur, əksər yazılar xarici dillərdə, xüsusilə ingilis dilindədir. Xidmət sahələrində, ictimai iaşə, ticarət obyektlərində, maşın təmiri müəssisələrində yerləşən lövhələrdə və digər sahələrdə çoxlu dil qüsurlarına rast gəlirik”.

Ermənilər indi də buna göz dikib: Türk tarixi nə deyir?

Hətta mürəkkəb Çin heroqlifləri, yapon, hind əlifbası ilə yazışma mümkün olduğu halda, bizdə fərqlilik təşkil edən cəmi 6 hərf 21-ci əsrin müasir texnologiyasına və proqramılaşdırmasına sığmır. “ç”-nı “ch”, “ş”-nı “sh” və ya “w” kimi yazaraq, dilimizin qanunauyğunluqlarını kobud şəkildə pozuruq. 

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə bildirib ki, bu, texnoloji avadanlıqların istehsalı prosesində tənzimlənməli olan məsələlərdir. Zavod istehsalında texnoloji avadanlıqların yaddaşlarında, əməliyyat sistemlərində müəyyən ölkələrin əlifbaları öz əksini tapmalıdır. Bəzən avadanlıq istehsalçıları kiçik ölkələrin əlifbalarını nəzərə almırlar. Bu, biznes maraqları ilə bağlıdır:

“Misal üçün deyək ki, bir yerdə 100, başqa bir yerdə isə 100 milyon avadanlıq satırlar, təbii ki, onlar 100 milyona investisiya qoyacaqlar. Bu baxımdan, təşəbbüs bizim tərəfimizdən olmalıdır. Burda təkcə əlifbadan söhbət getmir, bir çox hallarda saatla bağlı, əməliyyat sistemləri və s. məsələlərdə problem olur. Bu, biznes şirkətləri üçün biznes işidir, amma bizim üçün əhəmiyyətli, strateji məsələdir. Biz özümüz bunun təşəbbüskarı olmalıyıq. Onları maraqlandırmaq, cəlb etmək, hətta yeri gəlsə ölkəyə dəvət etmək lazımdır. Memorondumlar və ya əməkdaşlıq müqavilələri imzalanmalıdır. Bu, bizim  problemimizdir və bu tip məsələlərdə özümüz vuruşmalıyıq. Hökümət qurumları, özəl sektorlar, ictimai qurumlar, bir sözlə hamımız bunun fərqində olmalıyıq”.

Osman Gündüz: “Xeyli sayda dövlət qurumunda informasiya açıqlığı ...

Milli əlifba hər bir dövlətin atributlarından, rəsmi dəyərlərindən biri, eyni zamanda mənəviyyat məsələsi, bir millətin keçmişi haqqında bilgili olması, özünü tanıması, köklərini yaşatması, özünü təsdiq etməsi, qüruru və var olması deməkdir. Məlum məsələdir ki, Azərbaycan tarixdə üç dəfə əlifba dəyişdirib. Bu isə o deməkdir ki, Azərbaycan xalqı üç dəfə savadsızlaşdırılıb. Azərbaycan xalqının milli-mənəvi dəyərləri, sərvətləri üç dəfə məhv edilib. Hər dəfə yazı sistemi dəyişdikcə mövcud əlifbada olan kitablar, məlumatlar, tarix və keçmiş yandırılıb, külə döndərilib. Bu qədər çətinliklər görmüş, haqsızlıqlar, itkilər yaşamış xalq necə olur ki, öz dəyərlərinə laqeyd münasibət göstərir? Sabah ermənilər bu altı hərf üçün iddia qaldırsa və "Azərbaycan bizim əlifbanı mənimsəyib" desə, əksini sübut etmək üçün əl-ayağa düşəcəyikmi? Düşəcəyik! Amma sübut etmək çətin olacaq. Çünki faktiki olaraq, nə qurumlar, nə də vətəndaşlar əlifbadan düzgün şəkildə istifadə etməyə maraqlı deyillər. Əlifbadan düzgün istifadə etməmək təkcə orfoqrafik qaydaları pozmaq deyil, bu həm də sözləri təhrif etmək, dili eybəcərləşdirmək və onun inkişafına mane olmaqdır. "Azərbaycan dili kasaddır, imkanları məhduddur" deyən insanların əksəriyyəti təhsilli, eyni zamanda ingilis əlifbasında mesaj, status, rəy yazanlardır. Vəziyyət bu cür olarsa, dildə hansı inkişafdan və öz imkanları hesabına söz yaratmaqdan danışmaq olar?

Fikrət Əlizadə bu məqamda doğru qeyd edir: Yiyəsiz qalmışın yiyəsi tapılar. Amma yad bir yiyə tapılar:

“Hər bir millətin sərvəti onun dilidir, yazısıdır. Dil bir millətin əksidir. Onun təzahürü isə əlifbadır. Əgər biz özümüzə hörmət etmiriksə, heç kim bizə hörmət etməyəcək. Əgər insan özünü göstərə bilmirsə, başqası onu ayaqlayır. Bizim laqeydliyimizə görə musiqimizə, əlyazmalarımıza, rəqsimiz, mətbəximizə qarşı da ermənilər iddialar irəli sürürlər. Yəni, yiyəsiz qalmışın yiyəsi tapılar. Amma yad bir yiyə tapılacaq. Bizdə çatışmayan cəhət kollektivlikdir.  Biz fərdlərdən ibarətik. Fərdlərdən ibarət bir millət kimi özümüzü göstəririk. Kollektivlik olmayanda, təşkilatçılıq da olmur, təşkilatçılıq olmayanda milli dəyərlərə qiymət verə bilmirik. İki azərbaycanlı bir araya gələndə sözləri tutmur. Amma iki erməni bir araya gəlsə, təşkilat yaradır.  Əgər bizdə əqli birlik güclü olsa, hər şeyə nail olarıq”.

Ekstrasens Fikrət Əlizadə: “... o tanınmış insanlar seansımda ...

Texniki problemləri və ya şirkətlərin istehsal etdiyi avadanlıqları bəhanə etməyə əsas yoxdur. Müəyyən zamanlarda milli əlifbanın bütün hərflərindən düzgün şəkildə istifadə etmək mümkün olub. Buna sübut olaraq, 2017-ci ildə mobil operatorlardan birinin göndərdiyi mesaj mətnini göstərmək olar. F. Əlizadə dediyi kimi, biraz əqli birlik, biraz kollektivlik, biraz da təşkilatçılıq olsa, çox şeyi həll etmək olar. Yetər ki, laqeydlik olmasın. 

Sevda Ulutau / Redaktor.az

22