“Whatsapp”da yayılan dini mesajlar nəyə xidmət edir? - AÇIQLAMA

 14:05 22.05.2020     355

“Whatsapp” sosial şəbəkəsi vasitəsilə yayılan mesajlar, “bu mesajı 12 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən” kimi mətnlərin hər hansı dini əsası yoxdur.

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında dinşünas Elvüsal Məmmədov deyib.

O bildirib ki, bu cür yanaşmalar dində doğru deyil. Ümumiyyətlə din bu cür şeyləri dəstəkləmir:

“Bu, müəyyən kütlələr arasında daha çox dini məlumatsızlığın doğurduğu bir haldır. İnsanlar xəbərin mənbəyini araşdırmadan dinə olan sadəlövh baxışları səbəbindən, bu cür mesajları paylaşmağa başlayırlar. Bəzən isə kimsə bu məlumatları paylaşmayanda onu qınamağa başlayırlar.

Ümumiyyətlə insanın arzusunun qəbul olunub-olunmaması belə aşkar və populist davranışlarla ölçülən bir şey deyil. İnsan arzularının qəbulu Allah ilə bəndə arasında olan bir şeydir və o da müəyyən şərtlərlə əlaqəlidir. Bu cür mesajları alanlar başa düşməlidir ki, dində belə bir qayda yoxdur. Yəni dinimizdə bu kimi anlayış yoxdur ki, mən kiminsə üçün dua etmək öhdəçiliyi daşıyıram. Dua insanın daxilindən gələn, öz istəyi ilə baş verən bir şeydir. Yəni duanı məcburiyyət halına gətirmək doğru deyil”. //Trend