Baş infeksionist: Virus qarşıdakı aylarda DAHA ÇOX YAYILACAQ
"Həftəsonu ilə bağlı tətbiq olunan yeni qadağalar xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynacaq".
Bu sözləri Redaktor.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, bu qadağaların hazırki məqamda əhəmiyyəti çox böyükdür:
“Çünki iki gün insanların çölə çıxmaması, xüsusilə virus daşıyıcıları olan şəxslərin evdə qalması virusun yayılmasını azalda bilər. Bu, bir çox ölkələrin təcrübəsində də özünü göstərir. Həmçinin, ümid edirəm ki, insanlar bu qərardan sonra vəziyyətin həqiqətən ciddi olmasının fərqinə vararlar. Biz əvvəl ümid edirdik ki, havalar istiləşdikcə virusa yoluxma sayı azalacaq və bir müddət sonra təhlükə aradan qalxacaq. Amma əksinə oldu. Havaların istiləşməsi, karantinin yumşaldılması insanlarda arxayınlıq yaratdı və qaydalara əməl olunmadı. Amma insanlar qaydalara tam şəkildə əməl etsə, o zaman həqiqətən isitliyin təsiri ilə virus yavaş-yavaş aradan qalxar”.
C. İsayev koronavirusun qarşıdakı payız-qış aylarında yayılma ehtimalının olduğunu bildirib:
“COVİD-19 SARS virusundan törəmədir. Amma SARS-dan daha ağır formada özünü göstərir. Bildiyiniz kimi, SARS virusu 2000-ci illərin əvvəlində ortaya çıxdı və bir müdətdən sonra yox olub getdi. Amma koronavirus bir neçə aydır davam edir və dünyanın 210-dən çox ölkəsinə yayılıb. Görünən odur ki, COVİD-19 SARS virusunun taleyini yaşamayacaq. Hələ ehtimal var ki, koronavirus qarşıdakı payız-qış aylarında yenidən baş qaldıracaq və insanların kütləvi yoluxmasına səbəb olacaq. Bu ehtimala ciddi yanaşmaq lazımdır”.
Baş infeksionist virusdan qorunmağın yollarından da danışıb:
“Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Ümumiyyətlə, maskanı hamı taxmalıdır. Maska demək olar ki, 70 faiz virusun yayılmasının qarşısını alır. Ağızda maska olmadığı təqdirdə virus ətrafa yayıla, insanların kütləvi şəkildə yoluxmasına səbəb ola bilər.
Bundan başqa, meyvələri və digər qida sitələrini yeməzdən əvvəl mütləq yumaq vacibdir”.
C. İsayev bildirib ki, insanlar vəziyyətin ciddiliyini qəbul etməlidir:
“Biz öz sağlamlığımız üçün qaydalara əməl etməliyik. İnsanlar vəziyyətin ciddiliyini qəbul etməli, ona görə davranmalıdır. Bununla bağlı marifləndirmə işlərinin aparılması da vacibdir”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü Qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
Mahir Ələkbərov / Redaktor.az