Həftəsonu qadağası: İnsanlar nə düşünür? - SORĞU

 23:27 05.06.2020     5719

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu gündən küçəyə çıxmaq qadağası tətbiq olunur.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. Qərara əsasən, bu müddət ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Redaktor.az yeni qadağalarla bağlı sosial şəbəkə istifadəçilərinin fikirlərini öyrənib.

Sorğunun nəticələrini təqdim edirik:

İsgəndər Əliyev: İsti yay günlərində bu qərara əməl etmək çox çətin məsələdir. Amma yoluxmanın qarşısını almaq üçün hansısa bir tədbir də görülməli idi. Fikirimcə, bu qərar azda olsa, yoluxmanın azalmasına səbəb olacaq.

Rəşad Bayramov: Əlbəttə təsir edəcək. Amma əsas məsələ həmin günlərlə bərabər, digər günlərdə də qaydalara əməl etməkdir. Çünki insanların biganəliyi və verilən bəzi yanlış qərarlar yaxşı nəticə əldə etməyə imkan vermir. Bu virusla mübarizədə əsas məsələ kütləvi şəkildə verilən qərarlara əməl edilməsidir ki, burada Gürcüstan modeli daha effektlidir.

Xəyalə Bağırova: Fikirimcə, çox düzgün qərardı. Bizim “ipə-sapa” yatmayan millətimizi ancaq belə sərt qadağlar evdə saxlaya bilər. Çünki bəzi insanlar çox məsuliyyətsizdir, hər şeyə adi baxırlar. Bunun nəticəsini də gördük.

Amma düşünürəm ki, ümumilikdə xüsusi karantin rejiminə hazırda o qədər də ehtiyac yoxdur. Amma hər bir halda cəzalar qüvvədə qalmalı, nəzarət gücləndirilməlidir.

Zarifə Mahmudova: Müasibətim mənfidir. Çünki Türkiyə həftəsonu ilə bağlı qadağadan istifadə etdi, amma özünü doğrultmadı. Düşünürəm ki, bunun əvəzinə xalq arasında koronavirusun həqiqətən də mövcud olması barədə maarifləndirici işlər aparılsaydı, bu, daha effektiv olardı.

Cavid Mustafa: Əla, amma bir az da ciddi yanaşsalar daha yaxşı olar.

Simnarə Həmidqızı: Bu, Türkiyə təcrübəsidir. Biz də onlardan götürdük. Türkiyə ziyalılarının bildirdiyinə görə, bu təcrübə onlarda effekt verib. Bu gün qardaş ölkə İran və İraqla sərhəddi də açıb. Ümid edirik ki, bizdə də belə olacaq.

Nuranə Daxilqızı: Operativ Qərargahın sadəcə iki gün üçün təyin etdiyi bu qadağalar mənim üçün olduqca mənasız və məntiqsizdir. Bu qadağalar həftəsonu insanların kafe və restoranlara, gəzintiyə getməsinə görə qoyulubsa, insanlar onsuz da iş çıxışı həftəsonu edə bilmədiyi hər şeyi edəcək. Bu baxımdan hesab edirəm ki, bu qərar heç nəyi dəyişməyəcək. Amma insanlar özləri və ətrafı üçün məsuliyyətli olmalı, tibbi spirt və maskalardan istifadə etməlidir. Bir sözlə hər kəs qayda-qanunlara əməl etməlidir.

İlhahə Vəliyeva: Nəzərə alsaq ki, həftə içi şəhərin park və küçələri insanla dolu olur, bu zaman şənbə və bazar günlərində insanların daha çox parklara və restoranlara axışacağı qaçılmaz idi. Çünki iki aydır məhdudiyyətlərlə yaşayan insanlarda sanki park və restoran "aclığı" var. Bu səbəbdən də verilən qərarı doğru hesab edirəm.

Marketlərin və apteklətin bağlanmasına gəldikdə, təcrübə göstərdi ki, insanlarımız çölə çıxmaq üçün hər fürsəti dəyərləndirməyə “qadirdir". Necə ki, qaydaların daha sərt vaxtlarında bəhanələrlə bir gündə 5 dəfə aptekə, marketə gedən insanları gördük.

Samir Soltanov: Məncə, bu kimi tədbirlər həftə sonları deyil, hər gün tətbiq olunmlıdır. Onsuzda həftə sonları istirahət günləri olduğu üçün insanların əksəriyyəti evdə dincəlir. Bu, əsasən koronavirusun varlığına inananlara aiddir. Çox təəssüf ki, virusa inanmayan insanlar da azlıq təşkil etmir. Yenə həftə içi hər kəs öz işi ilə məşğul olacaq. Bəziləri işinə gedəcək, bəziləri parkda istirahət edəcək.

Pandemiyanın əvvəlində bu qədər yoluxma varsa, çox güman ki ikinci dalğada vəziyyət daha ağır ola bilər. Bu səbəbdən insanlarımızı sosial məsafəni qorumağa, tibbi maskalardan istifadə etməyə çağırıram. Ən azından bu bəladan xilas olmaq üçün səy göstərməliyik.

Mahir Ələkbərov / Redaktor.az