Televiziyalar evdən çıxmayan vətəndaşlara nə göstərəcək? - HƏFTƏSONU QADAĞASI

 17:59 05.06.2020     2214

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək.  Qərara əsasən, bu müddət ərzində insanların çölə çıxması qadağan ediləcək.

Bəs, yeni qərar televizyaların fəaliyyətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Redaktor.az-açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib ki, həftəsonu kanalın proqram siyasətində elə də ciddi dəyişiklik olmayacaq:

Əlbəttə, biz də işimizi xüsusi karantin rejiminin norma və prinsiplərinə uyğunlaşdırmağa çalışırıq.

Əməkdaşların virusdan qorunmasına çalışırıq, şirkət ərazisində müntəzəm dezinfeksiya işləri aparılır, yaşlı əməkdaşlarımızın daha çox evdə qalmasına üstünlük verilir. Bununla belə, çalışacağıq ki, həftəsonlarında da maraqlı verilişlərlə tamaşaçıların daha xoş və səmərəki istirahətini təmin edək”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı: "Həftəsonu tətbiq ediləcək qadağanın telekanalların həftəsonu verilişlərinin efirə yayımlanmasına böyük təsiri olacağını düşünmürük.

Çünki mövcud vəziyyətlə bağlı telekanallar artıq uzun zamandır ki, öz proqram şəbəkəsində buna uyğun planlaşdırma edib.

Bizdə də həftəsonu verilişlərimiz öz axarı ilə davam edəcək, tamaşaçılar qarşıdakı iki günü son xəbərlərdən məlumatlanacaq, maariflənəcək, onlara səmərəli olacaq verilişlər izləyəcəklər".

ATV-nin icraçı direktoru İsmayıl Həsənov: "Şənbə və bazar günləri mövcud qərara uyğun olaraq, həmin günlər üçün işçilərimizin sayını maksimum azaltmağa çalışmışıq. Qeyd olunan günlərdə xəbərlər proqramı istisna olmqla, efirə qedəcək verilişlər əsasən canlı deyil, yazılı yayımlanır. Bu baxımdan yeni qərar kanalın efirinə ciddi təsir göstərməyəcək".

ARB Media Qrupun Mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli: "Nazirlər Kabinetinin verdiyi qərara uyğun olaraq həftəsonları icazə.e-gov.az-dan qeydiyyata saldığımız əməkdaşlar işdə olacaq, digər əməkdaşlar isə qaydaya uyğun evdə qalacaqlar.

Həftəsonu verilişlər canlı olaraq yayımlanmadığından efirdə ciddi dəyişiklik olmayacaq".

Mahir Ələkbərov / Redaktor.az