EKSPERT: Azərbaycanda un və çörək bahalaşa bilər - HƏFTƏSONU QADAĞASI

 13:22 10.06.2020     1499

"Çox təəssüf ki, Azərbaycan çörək və digər un məmulatları üçün istehlak etdiyi buğdanın əhəmiyyətli bir hissəsini xarici ölkələrdən alır. Azərbaycanın mövcud iqtisadi vəziyyəti özümüzü buğda məhsulları ilə təmin etməyə imkan vermir. Diər ölkələrə nisbətən çörək istehlakı bizdə daha yüksəkdir. Yəni, əhalinin qida rasionunda daha çox un məmulatları, xüsusən də çörək əsas yer tutur".

Bu sözləri Redaktor.az-a danışarkən iqtisadçı ekspert Nazim Bəydəmirli deyib. O bildirib ki, pandemiya dönəmində xarici ölkələrin ərzaq satışına tətbiq etdiyi qadağalar artarsa, un və un məhsullarında qiymət artımının baş verməsi qaçılmazdır:

"Pandemiya dönəmində bir çox ölkələr ixracın qabağını almaq üçün bəzi məhdudiyyətlər tətbiq edir. Əgər buğda idxal etdiyimiz ölkələrdə  belə məhdudiyyətlər davamlı olsa, istər-istəməz zəncirvari bahalaşma baş verə bilər. Əvvəl buğdanın qiyməti, daha sonra unun və çörəyin də qiyməti qalxmış olacaq. Bu da onu göstərir ki, Azərbaycanı ümumilikdə ərzaq ehtiyyatı idxaldan asılı olan ölkə kimi qiymətləndirməliyik".

Həftəsonları tətbiq olunan karantin rejimi ilə əlaqədar çörək sexlərinin işləməməsi, israfçılığa yol açan çox sayda çörəyin fərdi şəxslər tərəfindən alınmasına da diqqət çəkən iqtisadçı bildirib ki, bu məsələlərdə insanlar maarifləndirilməlidirlər:

"Belə məsələlər gündəmə gəldikdə, hökümət nümayəndələri çıxış etməlidirlər. Müasir statistikanı doğru-dürüst araşdrımalı və təqdim etməlidirlər. Vətəndaşın mütləq əksəriyətinin hökümətin adından danışan insanlara etibarı azdır. Həmin məmurlar çıxıb təkrar-təkrar inkişafdan danışdıqca, vətəndaş görür ki, qiymətlər hər gün artır. Bu isə statistikanın doğru olmamasından irəli gəlir. İsrafçılıq həm də bir mədəniyyət məsələsidir. Bunu təqdim etməyin özünün yolları var, insanları maarifləndirmək lazımdır. KİV, TV, sosial media vasitəsilə müxtəlif maarifləndirmə işləri həyata keçirmək lazımdır. Təəssüf ki, televiziya verilişlərində bu məsələyə yönəlik heç bir sosial çarxlar, sosial reklamlar görmürük".

Sevda Ulutau / Redaktor.az

Nazim Bəydəmirli: “Əksər məmurlar qanunsuz sahibkarlıqla məşğul ...