Mübariz İbrahimov haqqında virtual sərgi açıldı
Azərbaycanda ən yüksək ad "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adıdır. Bu ad ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
Qarabağ savaşı yüzlərlə milli qəhrəman yetirmişdir ki, Azərbaycanın cəsur oğul və qızları illərlə ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparıblar.
Redakor.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna xüsusi diqqət ayırmış, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab edib. Bu məqsədlə kitabxananın sosial şəbəkələrində Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqanurov, Fərid Əhmədov, Yuriy Kovolyov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında videoçarxlar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim ediblər.
Bu gün də kitabxana Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, 2010-cu ildə Azərbaycanda "ilin adamı" elan edilən xalqımızın igid oğlu Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində hazırlanıb. Virtual kitab sərgisində Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmancasına həlak olması, hətta səngərdən ailəsinə yazdığı məktub belə öz əksini tapıb. Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 15-dən çox kitab da sərgidə yer alıb. İzləyicilər burada A. Həsənli, E. Xəzər, N. Həsənzadə, E.Elatlı, B. Sadıqov. A. Alıqızı və b. kimi müəlliflərin kitabları ilə tanış ola bilərlər.
Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldəlməsinə, izləyicilərimizi Azərbaycanın Milli qəhrəmanı haqqında məlumatlandırmağa yönəldilmiş bu virtual kitab sərgisi qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplanıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Əfsanəvi qəhrəman” adlı virtual kitab sərgisinə aşağıda qeyd olunmuş link vasitəsilə tanış ola bilərsiniz: https://www.instagram.com/p/CDLn0PPhqMo/












