“Sevilənlər sevənlər”in növbəti qonağı Gülüstan Əliyeva olub

 16:17 07.08.2020     751

Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı Əməkdar artisti, opera müğənnisi,  xanəndə, Gülüstan Əliyeva olub.

Redaktor.az xəbər verir ki, 2000-dən çox nəfərin izlədiyi canlı yayıma Rusiya, Türkiyə və İrandan izləyicilər qatılıb. Gülüstan Əliyeva ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi dönəmində keçən gəncliyindən, bir şəhid ailəsinin nümayəndəsi olmanın mənəvi çətinliyindən, məsuliyyətindən və eyni zamanda şərəfli olmasından danışıb.

Keçmiş xatirələrindən söhbət açan qonaq səhnəyə gəlişindən, ona müəllimlik edən, sənətin sirlərini öyrədən İslam Rzayev, Canəli Əkbərov, Arif Babayev  kimi ustadların adını çəkib. Operada oynadığı rolları haqqında danışaraq, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"operasında Leyli, “Şah İsmayıl”da Ərəbzəngi, “Natavan” operasında xanəndə qız,  "Arşın mal alan" operasında Cahan və s. obrazlarını xüsusi qeyd edib.

Gülüstan Əliyeva uzun illər ərzində səhnəni Azərbaycanın Respublikasının Xalq artisti, Şöhrət ordenli, professor Mənsum İbrahimov kimi böyük sənətkarla bölüşdüyünü, ilk dəfə “Leyli və Məcnun” operasında “Leyli” obrazını onunla səhnədə oynadığını vurğulayıb. Canlı yayım zamanı muğam sənətinin incəlikləri, bu sahədə uğur qazanmanın sirləri və s. mövzular ətrafında maraqlı söhbətlər aparılıb.  

Vumart və Güvən reklamı Vumart Güvən