Həkim, narkoloq Asif Kəngərli ilə görüş - “Sevilənlər sevənlər”

 15:17 25.08.2020     1032

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar müvəffəqiyyətlə davam edir.

Redaktor.az xəbər verir ki, növbəti belə görüş həkim, narkoloq Asif Kəngərli ilə keçirilib. Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlıya xeyli izləyici qatılıb.

Gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. 90 ildən artıq fəaliyyət göstərən Respublika Gənclər Kitabxanası bu illər ərzində daim öz ətrafında sağlam düşüncəli, dinamik gənclər ordusunu toplamağa müvəffəq olmuş, bu gəncliyin mütaliəsinin, asudə vaxtının təşkili və maarifləndirilməsi yolunda əlindən gələni edib. Bütün dünyada olduğu kimi narkomaniya “Ağ ölüm” adlandırılan bəla Azərbaycandan da yan keçməmişdir. Statistikaya əsasən, bu dəhşətli bəladan əziyyət çəkənlərin əksəriyyəti gənclərdir.

Keçirilən görüşdə qonaq ilk növbədə statistik rəqəmlərə müraciət edərək narkomaniyanın ən çox əhalinin hansı yaş qrupları arasında daha geniş yayılmasını rəqəmlərlə izləyicilərin diqqətinə çatdırıb. Sonradan doktor narkotik vasitələrdən asılılıq müayinələri, test mərkəzləri haqqında ətraflı məlumat verib. Canlı yayımda narkotik vasitələrdən asılı olan insanlarla münasibətlərdə riayət olunması vacib olan şərtlər, incəliklər, narkomanların ailələrinin, yaxınlarının üzərinə düşən məsuliyyət yükü, narkomaniyanın acı sonluqları, narkomanlar ilə aparılan müalicə metodları, psixo terapiya  və s. kimi mövzular da müzakirə olunub.

Asif Kəngərli bu sahədə təbliğat işinin gücləndirilməsi zəruriyyətini dilə gətirərək, müəllifi olduğu “Bəla”, “Zəhrimar” əsərləri haqqında izləyicilərə geniş məlumat verib. 

Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı müsahibəni aparan kitabxananın əməkdaşının da suallarını cavablandırıb. Canlı yayım zamanı alkoqalizm, tabakamaniya, narkomaniya ilə yanaşı gedən HİV, QİÇS xəstəlikləri və s. mövzular ətrafında diskussiyalar da aparılıb.

İzləyicilərimiz həkim nevroloq Asif Kəngərli ilə olan canlı yayıma https://www.instagram.com/p/CERIimzCYjQ/ linkı vasitəsilə baxa bilərlər.