Virtual kitab sərgisi və videoçarx hazrılandı - Əlibala Hacızadə

 12:44 28.08.2020     627

Çağdaş ədəbi mühitimizdə seçilən və əsərləri məhəbbətlə oxunan yazıçı Əlibala Hacızadə çoxsaylı nümunələri ilə milli ədəbiyyatımıza orijinal mövzuda bir-birindən fərqli bir irs bəxş edib. Onun bu ədəbi nümunələri böyük səs-küyə səbəb olmuş və demək olar ki, Əlibala Hacızadə imzasının çox böyük sürətlə tanınmasına səbəb olub. 28 avqust Əlibala Hacızadənin anadan olmasının 85 illik yubileyidir.

Redaktor.az-ın məlumatına görə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə görkəmli ədib, sevgi romanlarının təkrarsız müəllifi Əlibala Hacızadə haqqında virtual kitab sərgisi və videçarx tərtib edib. Virtual sərgidə nasirin xatirələri, yaradıcılığı haqqında ətraflı məlumat verilib. Sərgidə Əlibala Hacızadənin çoxlu şeirlərinin olması, lakin buna rəğmən özünü heç bir zaman şair hesab etməməsi faktı vurğulanıb. Bu insan sadəcə olaraq içindəki lirik duyğuları, şairanə hissləri boğa bilmədiyindən onları romanlarında, ya da ayrıca parçalar halında şeirə çevirirdi. Belə şeirlərindən biri virtual kitab sərgisində də yer alıb. Sərgidə yazıçının əsərləri, redaktoru olduğu kitablar əks olunmuş, xalq şairi Bəxtiyar Vahabzadənin Əlibala Hacızadə haqqında söylədiyi dəyərli fikirlər təqdim olunub.

Əlibala Hacızadəyə həsr olunan videoçarxda da ədibin həyatı, eləcə də yazmağa hekayə ilə başlayan, sonradan bir-birinin ardınca qələmə alan “İtkin gəlin”, “Əfsanəsiz illər, “Ayrılığın sonu yoxmuş” trilogiyası, “Təyyarə kölgəsi, “Vəfalım mənim”, “Dünyanı tanı” və s. romanları ilə məşhurlaşan nasirin yaradıcılığı haqqında geniş məlumat verilib. Videoçarxda həmçinin ilk Azərbaycan seriallarından biri olan “İtkin gəlin” filmindən kadrlar əsasında əsər barədə söhbət açılıb.

Sözügedən materialları izləmək arzusunda olan izləyicilərimiz https://www.instagram.com/p/CEXGMBShGc5/
https://www.instagram.com/p/CEXIau2BhAp/linklarından yararlana bilərlər.