Çingiz Mustafayev haqqında virtual sərgi hazırlandı

 15:28 31.08.2020     519

Dünya, Azərbaycan onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Bu insan Xocalı həqiqətlərini dünyaya çatdıran, erməni vəhşiliklərini göz yaşları içində lentə alan 29 avqust 2020-ci il tarixində sağ olsaydı 60 illik yubileyini qeyd edə biləcək Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevdir. Lakin çox təəssüf ki, biz bu yubileyi igid oğlumuz, qəhrəmanımız Çingizsiz keçiririk.

Qarabağ savaşı yüzlərlə milli qəhrəman yetirmişdir ki, Azərbaycanın cəsur oğul və qızları illərlə Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparıblar. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunu xususi diqqətdə saxlayıb, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab edir.

Redaktor.az-ın məlumatına görə, Kitabxana Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayev doğum günü münasibəti ilə onun haqqında geniş virtual kitab sərgisi hazırlayıb. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində hazırlanıb. Qısa zaman müddətində 1500-dən çox  istifadəçi tərəfindən izlənilən virtual kitab sərgisində Çingiz Mustafayevin həyatı, fəaliyyəti, Azərbaycan jurnalistikasına gətirdiyi vətənpərvər-döyüşkən ruhu, Çingizin qəhrəmancasına həlak olması və s. haqda məlumatlar öz əksini tapıb. Bu virtual kitab sərgisi vasitəsilə gənclərimiz qəhrəman Çingiz Mustafayev haqqında qısa zaman kəsiyində çox geniş məlumat almaq imkanına malikdirlər. Milli qəhrəmanın qısa, lakin eyni zamanda çox maraqlı, rəngarəng ömür yolu, 1980-cı illərdə yaratdığı “Cəngi” birliyinin fəaliyyəti, bu illərdə Azərbaycanda ilk repçi və DJ-lik sənətinin inkişafına verdiyi töhfələr, Azərbaycan gəncliyini maraqlı, hərtərəfli inkişaf edib, vətənpərvər görmək istəyi  və özünün də eyni zamanda novator ruhlu olması, peşəkar həkim olmasına baxmayaraq, jurnalistika, incəsənət və musiqiyə olan xüsusi marağı, Vətənə sevgisi, hədsiz bağlılığı səs müşayəti vasitəsilə peşəkarcasına izləyicinin diqqətinə çatdırılır. Kitabxananın əməkdaşı tərəfindən hazırlanan materialda Çingiz Mustafayevin ölümü, xatirəsinin əbədiləşdirilməsi haqqında da geniş məlumat verilir.  Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 10-dan çox kitab da sərgidə yer alıb. İzləyicilər burada V.Əsgərov, M.Seyidzadə, O. Əliyev, R.Zeynalov, K.Nazimqızı,  R.Əliqızı və b. kimi müəlliflərin kitabları ilə tanış ola bilərlər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Çingiz Mustafayev - 60” adlı virtual kitab sərgisinə  aşağıda qeyd olunmuş link vasitəsilə tanış ola bilərsiniz: https://www.instagram.com/p/CEdjX8Phn-D/