Səyavuş Aslanla bağlı videoçarx hazırlandı - Gənclər Kitabxanası

 14:08 04.09.2020     437

Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət”, "Şərəf” ordenləri laureatı Səyavuş Aslan yaşasaydı 85 illiyini qeyd edərdi.

Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb.

Sentyabrın 5-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 85-ci ili tamam olur.

Kitabxanadan Redaktor.az-a verilən məlumata görə, bu münasibətlə Respublika Gənclər Kitabxanası aktyor haqqında “Üzdə təbəssüm, qəlbdə göz yaşları” adlı videoçarx hazırlayıb, sosial şəbəkə istifadəçilərinə təqdim edib. Videoçarxda Səyavuş Aslanın həyat və yaradıcılığı, sənətə gəlişi, sənət yolu haqqında ətraflı məlumat verilib, onun “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlarından söhbət açılıb.

Videoçarxın sonunda Səyavuş Aslanın səhnədə və kinoda yaratdığı rəngarəng obrazlarından fraqmentlər təqdim olunub.

Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan haqqında hazırladıçı video çarxa https://www.instagram.com/p/CErg6XJhuGK/ linki vasitəsilə baxa bilərlər.