Respublika Gənclər Kitabxanası onlayn tədbir keçirdi

 12:46 08.09.2020     395

Respublika Gənclər Kitabxanası Gəncə şəhər MKS-i və onun tabeliyində fəaliyyət göstərən 16 saylı filialın əməkdaşları ilə “Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda birgə tədbir təşkil edib.

Redaktor.az xəbər verir ki, Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan “Öyrənək, öyrədək” şüarı əsasında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olub. 2 saata yaxın davam edən onlayn konfransı giriş sözü ilə açan aparıcılar Hüquq informasiya şöbəsinin müdiri Günay Həsənova və 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin və Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyevanın bu tip tədbirlərin keçirilməsi mühümlüyünə və bu layihələrin kitabxanalararası əlaqələrin, əməkdaşlığın inkişafında mühüm rol oynamasına dair söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir hər üç kitabxananın mütəxəssislərinin çıxışları, fikir mübadilələri əsasında keçib. Tədbirdə Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Karantin dövründə Respublika Gənclər Kitabxanasının fəaliyyətinə baxış”, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdrılması şöbəsinin müdiri Səadət Şəfiyeva “Virtual sərgilər və video çarxlar”, Metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova “Elektron məlumat bazaları”, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova “Xarici dillərdə tərtib edilən virtual kitab sərgiləri və video çarxlar”,  Gəncə MKS-i və onun tabeliyində olan 16 saylı filialdan isə Metodiki işlərin təşkili şöbəsinin müdir İradə Abbasova “Pandemiya şəraitində MKS-nin fəaliyyəti”, Məlumat Biblioqrafiya şöbəsinin müdiri Səbinə Məmmədova “Pandemiya şəraitində biblioqrafik sorğular”, Kitabxanalararası abonement şöbəsindən Vüsalə Hüseynova  “Pandemiya şəraitində virtual sifariş”, Komplektləşdirmə və kitabişləmə şöbəsi müdiri Gülnaz İsgəndərova “Pandemiya şəraitində MKS-nin yeni layihələri” 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova “Sosial izolyasiya dövründə  tədbirlərin keçirilməsi” mövzularında çıxış ediblər.

“Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda keçirilən birgə tədbirin görüntüləri Respublika Gənclər Kitabxananın sosial şəbəkələrinə yerləşdirilib.