“Sevilənlər sevənlər” rubrikası - Növbəti qonaq Münəvvər Vahabova

 14:27 15.09.2020     380

Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi görüşlər öz ətrafında izləyici kütləsini toplamaqda davam edir.

Redaktor.az xəbər verir ki, son aylar ərzində 20-dən çox canlı yayımlar təşkil edən Respublika Gənclər Kitabxanası demək olar ki hər gün, “Sevilenlər sevənlər” rubrikası haqqında xoş, müsbət rəylər alırlar. Növbəti belə canlı yayım ötən gün baş tutub. Canlı yayımın növbəti qonağı ABŞ-da yaşayan həmvətənimiz, Azərbaycan – Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova olub.

Amerikadan birbaşa bağlantı edən qonaq ilk növbədə Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevi, kitabxananın kollektivini və canlı yayım izləyicilərini salamlayıb, bü fürsətə görə təşkilatçılara öz minnətdarlığını bildirib.

Münəvvər Vahabova ABŞ-da yaşanan pandemiya rejimi ilə əlaqədar məlumat verib, karantin rejimi altında keçən gündəlik həyatında  mütaliəyə, maraqlı məşğuliyyətlərə daha çox yer ayırmaq imkanına malik olduğunu dilə gətirib. Münəvvər Vahabova izləyicilərin suallarına əsasən Amerikaya ilk gəlişindən, fəaliyyətə başladığı dövrdən,ölkənin hüdudlarında yaşamaq şərtlərindən, xarici dil biliklərinin və təhsilin əhəmiyyətindən danışıb.

Söhbət əsnasında  iki dövlətin adət və ənənələri, mədəniyyəti, mütaliəyə marağı arasında maraqlı paralellər aparılıb, mütaliə, kitab təbliğatı, kitabxana mövzusunda dəyərli fikirlər söylənib. Öz fəaliyyətində Azərbaycan-Amerika mədəni əlaqələrinin inkişafına geniş yer verən, bu sahədə nümayiş etdirdiyi vətənpərvərliyi ilə seçilən Münəvvər Vahabova bir vaxtlar Nyu Yorkda fəaliyyət göstərən “Azərbaycan Evi” haqqında da danışıb. Canlı yayım zamanı qonaq aparıcı Günay Həsənovanın səsləndirdiyi izləyici suallarını da cavalandırıb, xoş rəylərə münasibət bildirib. 

Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib, Respublika Gənclər Kitabxanasının əməkdaşlarının simasında bütün kitabxana sahəsində fəaliyyət göstərən insanlara uğurlar arzulayıb.

İstifadəçilər Azərbaycan – Amerika Qadınlar assosiasiyasının rəhbəri Münəvvər xanım Vahabova ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CFIDOanCLtu/ linki vasitəsilə baxa bilərlər.