"Arşın mal alan" operettasının Çin tarixi - ONLAYN SEMİNAR / FOTO

 14:41 15.09.2020     61

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun anadan olduğu gün qeyd olunan "Milli Musiqi Günü" bayramına həsr olunmuş ""Arşın mal alan" operettasının Çin tarixi" adlı onlayn seminar keçirib. 

Redaktor.az xəbər verir ki, onlayn seminara qonaq olan  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova dahi Üzeyir Hacıbəyovun həyat və yaradıcıllığı haqqında ətraflı danışaraq, əsərlərinin dünya musiqi incilərindən sayıldığını xüsusilə qeyd edib.

ADU  Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin teatr sənəti əlaqələrinin tarixindən danışaraq bildirib ki, Çində çox böyük populyarlıq qazanan Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə "Tantsiyao" Teatrının səhnəsində tamaşaya qoyulmuş və o vaxtlar Çinin paytaxtında səhnəyə qoyulan ilk xarici operettaya çevrilib. Elə burada, 2010-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Çin Milli operası tərəfindən növbəti "Arşın mal alan" tamaşası göstərilib. Çin Milli operası "Arşın mal alan" operettasını ölkənin müxtəlif şəhərlərində 300 dəfədən çox səhnələşdirib. Çində Mao Tszedunun şəxsi göstərişi ilə "Arşın mal alan" filminin Çin versiyası da çəkilib, həmçinin "Arşın mal alan" musiqili komediyası Çin dilində disk buraxılıb. Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Məmmədova Şəbnəm və Muradova Nərmin müsəlman şərqində ilk operanın müəllifi olan Üzeyir Hacıbəyovun yaradıcıllığında "Arşın mal alan" operettasının yaranma tarixi, ilk səhnələşdirilməsi və dünya şöhrəti qazanmasından danışıblar.

1

1

1