Respublika Gənclər Kitabxanası yeni layihəyə başladı

 13:55 23.09.2020     650

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası doğma Bakımıza həsr olunmuş “Bakını tanıyaq, tanıdaq” adlı layihəyə start verib.

Redaktor.az  xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən layihə çərçivəsində “Bakı mənim şəhərim”, “Bakı bulvarı”, “Qız qalası”, “Bakı haqqında maraqlı faktlar” və s. başlıqlı materiallar hazırlanaraq istifadəçilərə təqdim edilib.

Hazırlanan materialların hər biri uzun müddətli araşdırmalar, tarixi faktlara söykənən məlumatlar əsasında yaradılıb. Bununla yanaşı, istifadəçilərin diqqətini cəlb etmək və yaddaqalan olmaq məqsədilə videoçarxlar rəngarəng, müasir, əyləncəli və eyni zamanda, maarifləndirici üslubda hazırlanıb. Videoçarxlarda Bakı adının mənşəyi, tarixi, şəhər içində şəhər - İçərişəhər, su üzərində nağıl – “Kiçik Venesiya”, açıq havada qatar – Funikulyor, möcüzələr adası – Bakı Neft Daşları, Bakı bulvarı, Bakı metrosu, Qız qalası və s. kimi məkan və tarixi abidələr haqqında maraqlı məlumatlar verilib. Videoçarxlarda Bakının uzun illər bir çox məşhur filmlərin çəkiliş meydançası olmasına, məhz Bakı memarlığında qədimlik və müasirliyin sintez təşkil etməsinə və s. dair fikirlər yer alıb.

Bundan əlavə, Respublika Gənclər Kitabxanası Rəsul Rzanın “Bakı” şeiri əsasında videoçarx da hazırlayıb.