“Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbə

 23:29 02.11.2020     260

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub. İttifaq Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğu ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

Redaktor.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədilə ödənişli əsaslarla təhsil alan 4-cü kurs tələbəsi Vüsal Hacıyev layiq görülüb. Artıq onun ilk təqaüdü bu ay öz hesabına köçürülüb. //AZƏRTAC