Azərbaycan əsgəri!

 10:06 09.11.2020     870

Yenə tarix yaradır, yeni tarix yazırsan,

Düşmənin məzarını əllərinlə qazırsan.

Vətən qurtulsun deyə, son savaşa hazırsan

Sən Şuşa qalasında çalacaqsan zəfəri,

Azərbaycan əsgəri.

****

Keçdiyin zəfər yolu şanlı soyundan gəlir,

Yurdu azad etdikcə qalib səsin yüksəlir.

Bayrağım əllərinlə zirvələrə dikəlir

Son baharda yurdumun ilk bahar müjdələri

Azərbaycan əsgəri.

****

Ulu türkün qanıdır damarında axan qan,

Yenilməz iradənə dünya qalıbdı heyran.

Əzmini qıra bilməz min bir qüvvə, min düşman

Səngərlərdə açırsan qələbə səhərləri

Azərbaycan əsgəri.

****

Ayağın toxunduğu torpaqlarım gül açır,

Başı ucalan Vətən günəş tək şəfəq saçır.

Qarşında tab gətirmir düşmən səngərdən qaçır

Səndən güc alır ellər, uca dağ zirvələri

Azərbaycan əsgəri.

****

Sən tarix səhnəsində hər vaxt qalib olmusan,

Torpağına göz dikən yağıdan bac almısan

Neçə zəfərlər çalıb, qüdrətlə ucalmısan.

Yenə sənin olacaq Qələbə çələngləri

Azərbaycan əsgəri.

****

Dağları arxa bildin, sənə dayaq oldular,

Vətənin xilas günü mərd ərlər doğuldular.

Quşqonmaz qayalarda şahintək şığıdılar

Uğuruna sökülür yenə dan şəfəqləri

Azərbaycan əsgəri.

****

Al Gəncəmin, Bərdəmin, Tərtərimin qisasın,

Uşaq qatillərini susdur, səsi çıxmasın.

Elə qov ki düşməni bir də geri baxmasın

Təmizlə torpağımı, aydınlat üfüqləri

Azərbaycan əsgəri.

****

Cənubdan gələn yolun, Xudafərin dualı,

Qaytar dağ vüqarını, qıy vuran qartalımı

Bir qarış da vermə sən yağıya torpağımı

Vətən sənə əmanət, ellərin cəngavəri

Azərbaycan əsgəri.

****

Əmrə müntəzir durub, hucum anın gözləyir,

Yurdunu addım-addım yağıdan təmizləyir

Tapdaq altdan qurtulan hər daşı əzizləyir

Yollarına göz dikib Ağdam, Laçın şəhəri

Azərbaycan əsgəri.

****

O qabaran köksündə şir ürəyi döyünür,

Vətən bir nəfər kimi bu gün sənlə öyünür

Hərbdə aslan tək coşur, sülhü diktə eləyir

Qədəminə gül səpir bu gün Vətən göyləri

Azərbaycan əsgəri.

****

Əz düşmənin başını, dirçəlməsin bir də qoy!

Sıranda birləşibdir neçə millət, neçə soy.

Qoy deməsin analar “Torpağım oy, Vətən oy!”

Sapla düşmən köksünə o qan daman xəncəri

Azərbaycan əsgəri.

Lətif Şükroğlu

Vumart və Güvən reklamı Vumart Güvən