“Qarabağı qarış-qarş tanıyaq” layihəsi - Gənclər Kitabxanası

 10:59 16.11.2020     280

Heç şübhəsiz ki, ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi. Şanlı ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq, doğma Qarabağın erməni təcavüzkarlarından azad olunması uğrunda döyüşlərə atıldılar.

Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək, öz qələbəsini tarixə yazaraq çıxdı.

28 ildən artıq bir müddətdə işğal altında olan  doğma Qarabağımız, onu şəhər və rayonları, xüsusilə də mədəniyyət beşiyi olan Şuşanın azad edilməsi həm böyük siyasi- strateji, həm də çox böyük mənəvi məna daşıyır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları qələbə çaldığımız, 30 ilə yaxın həsrəti ilə yaşadığımız torpaqların işğaldan azad olduğu bir dövrdə “Qarabağı qarış- qarış tanıyaq” layihəsini uğurla davam etdirir. Layihənin əsas məqsədi Qarabağın tarixi, ərazisi, təbiətinin nadir gözəllikləri, incəsənət nümunələri, mədəniyyət xadimləri, muğamı, qədim adət ənənələri, milli mənəvi dəyərlərinə aid olan xalçaçılıq, atçılıq, ipəkçilik, zərgərlik sənətləri, haqqında geniş məlumat verməkdən ibarətdir.

Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, layihə çərçivəsində “Kəlbəcər”, “Füsünkar Şuşa”, “Xarı bülbül” adda video çarxlar “Qarabağ atları” və s. kimi virtual foto sərgilər hazırlanıb. Hazırlanan bu video materiallar illərdir həsrəti ilə yaşadığımız Qarabağı daha yaxından tanımağımıza yardımçı olur. Onu da qeyd etmək yerinə düşərdi ki, hazırlanan video materiallar tək Azərbaycan dilində yox, xarici dillərdə də tərtib olunurlar. “Xarı bülbül” adlı video çarx kitabxana əməkdaşları tərəfindən İngilis dilində hazırlanmışdır. Bu da təbii ki, Qarabağ gözəlliklərini xarici dillərdə tərənnümünün ən bariz nümunəsi ola bilər İzləyicilərimiz, xüsusilə də, gənclərimiz üçün hərbi vətənpərvərlik hisslərini tərənnüm edən bu video çarxlar öz dərin məzmunu və maraqlı məlumatları sayəsində çox faydalı olacaqdır. Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrinə yerləşdirdiyi hərbi vətənpərvərlik mövzusunda olan materiallar öz baxış sayına görə həmişə ön sıralarda olmuşlar. İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan video materiallara aşağıdakı linklər vasitəsilə baxa bilərlər.