Bir şəhid hekayəsi...

 14:17 27.11.2020     479

O da şəhid oldu bu gün, günəş batmadan öncə,
Az sonra düşəcəkdi, onun görmədiyi daha bir uzun gecə.
Şəhidliklik oldu onun da baxtı.
Son kərə gücünü toplayıb, düşmənə güllə sıxmaq üçün dikəldi
və cansız bədəni düşən torpaqdan
Ruhu azad göylərə yüksəldi.
Yazdı öz qanı ilə hekayəsini fəda olduğu torpağa,
Lap az qalmışdı Şuşaya çatmağa.
Macal da tapmadı ürəyindəkiləri ürəyi başındakı kağıza yazmağa.
Güllədən o kağız da al qana boyandı,
Ürəyini açacağı bir parça kağız,
İndi onuntək cansız.
Amma bəxti varmış, şəhid qanından rəng aldı.
Beləcə, bir əsgər hekayəsi də yarımçıq qaldı.
Bir əsgər hekayəsi.
Onu danışmaq qisməti olmadı.
Doğmalara, dostlara, hər kəsə borc qaldı.
Vətən əmanəti,
Bir şəhid hekayəsi.
Yaralıykən cansız dostunu çiynində daşıyan,
Yalın əllə düşməni yenən bir igidin hekayəsidi
Bu hekayə.
Bir şəhid hekayəsi.
O şəhid oldu günəş batmadan öncə,
Bir ana oğulunun boyunu sevdi gizlicə.
Sevə-sevə ağladı, ağlaya-ağlaya oğlundan qalan şəkillərə baxdı,
birgə xoşbəxt günlərin tək şahidləri.
Qonşu qızları oğluna yaraşdırdığı günləri xatırladı.
Xatırladıqca göz yaşları sel oldu.
Ağladı, ağladı,
Ən qara günü qara şal kimi bir anda ağarmış saçlarına bağladı.
Beləcə başladı bir şəhid anasının da qəlb parçalayan hekayəsi.
Bu hekayədə nələr, nə arzular yoxdu, ilahi...
Ana qəlbinə gömüldü arzuların ən gözəlləri,
duyuğuların, sevinclərin ən ülvüləri.
Bir şəhid hekayəsi.
“Təki Vətən sağ olsun”, dedi ata,
Başını ucaltdığı oğlu ilə qürur duydu,
bir yandan da qəlbi qan ağladı,
düşmən çəpəri olan oğlunu son kərə harayladı,
“Qalx, uğuruna can verdiyin Vətən səni gözləyir.
Sən tək mənim oğlum idin, indi Vətən sənə “oğlum”, deyir.
Qalx, adına şahidlik et, Şəhid oğul”.
Bir şəhid hekayəsi.
Bu gündən onu hamı danışacaq.
Borc kimi, yaddaş kimi yaşadacaq.
Yəqin özü danışacağından da gözəl olacaq bu hekayə.
Bir şəhid hekayəsi.
Onun gizli qalan bir parçası da vardı.
Qələbədən sonra bu sirri anasına açacaqdı,
Daha qızları sonalama, sən də tanıyırsan, deyəcəkdi.
İndi anası kimi gözü yaşlı birisi,
Gecəni diri gözlü səhər edib, dərdini soyuda bilməyən sevgilisi.
Yarımçıq şəhid hekayəsinin ən kövrək parçası,
Dünyası yıxılmış məsum bir qızın hekayəsi.
Bir də yaşanmayacaq birgə günlərin dərdi,
iki qəlbə gömülmüş bir məhəbbət xatirəsi.
Bir şəhid hekayəsi.
Yüz minlərin, milyonların kövrək nəğməsi,
Bir qürur hekayəsi,
Şəhid ruhlarının tək təsəllisi.
Ana qəlbində ağrını, ata ürəyində dərdi ovudan,
Sənin, mənim hekayəm.
Bir şəhid hekayəsi...

Lətif Şüküroğlu