Qazilərimizlə onlayn görüş keçirilib - Gənclər Kitabxanası

 11:44 09.12.2020     581

Respublika Gənclər Kitabxanası gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onları Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları ilə tanış etmək məqsədilə qazilərlə silsilə canlı yayımların təşkilinə qərar verib. “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan əsgəri”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında təşkil olunan ilk belə canlı yayım 8 dekabrda baş tutdub.

Redaktor.az xəbər verir ki, “Sevilənlər sevənlər” rubrikası adı altında keçirilən bu canlı yayımda qonaqları qazi Mais Zeynalov və Azərbaycan Ordusunun zabiti Əli İbrahimli iştirak edib.

Canlının ilk 30 dəqiqəsi Mais Zeynalovun iştirakı ilə keçib. Qazi canlı yayım izləyicilərinə özü, ailəsi, uşaqlığı haqqında məlumat verib. Sonradan könüllü olaraq döyüş bölgələrinə yollanmağından, döyüşdüyü ərazilərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz bu döyüşlərdə xalqın dəstəyinin, Vətən sevgisinin ona yardımçı olmasını dilə gətirib. Vətən müharibəsində keşfiyyatçı qismində iştirak edən qazimiz Vətənin hər bir qarışının böyük şücaət, əzm və qəhrəmanlıq hesabıma alındığını dilə gətirib.

Canlı yayımın ikinci hissəsinin qonağı Azərbaycan Ordusunun zabiti Əli İbrahimli olub. Hazırda Murovdağda olan zabitimiz igid əsgərlərimizin qəhrəmanlıqlarından, döyüş zamanı nümayiş etdirdikləri yüksək əhval-ruhiyyədən danışıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə çalacağına döyüşlərin ilk günündən inandığını söyləyən Əli İbrahimli, qəhrəmanlıqlarına görə əsgərləri arasında fərq qoymadığını söyləyib. O hər bir Azərbaycan əsgərinin qəlbində olan Vətən sevgisindən və bu sevginin onlara döyüşdə necə kömək olmasından söhbət açıb.

Əli İbrahimli müharibədə hər bir döyüşün mürəkkəb olduğunu, İstər Şuşa, istər Zəngilan, istərsə də digər döyüşlər getmiş ərazilərimizin yalnız qəhrəmanlıq, yüksək şücaət hesabına geri qaytarıldığını söyləyib.

Canlı yayımın sonunda hər iki qonaq Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə öz minnətdarlıqlarını bildiriblər.

Canlı yayımın aparıcısı Günay Həsonava sonda Vətən müharibəsində qazandığımız qələbənin igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığı, böyük səbrin və müdrik siyasətin sayəsində olduğunu vurğulayıb.

Canlı yayım “Qarabağ Azərbaycandır!” şüarı ilə sona çatıb.

İstifadəçilər qazi Mais Zeynalov və Azərbaycan ordusunun zabiti Əli İbrahimlinin iştirakı ilə keçirilən canlı yayıma aşağıdakı link vasitəsilə baxa bilərlər: https://www.instagram.com/p/CIi8aS-nmT9/

Vumart və Güvən reklamı Vumart Güvən