Hamının ABİSİ
Koronovirus daha bir ziyalımızı əlimizdən alıb. Azərbaycan Kooperasiya Universitetinin Tədris Şöbəsinin müdiri, İqtisad elmləri namizədi, dosent Aydın Mirzəməmmədov vəfat edib.
Mən elə bilirdim ki, əvəzolunmaz adam yoxdur. Səni itirəndən sonra nə qədər səhv etdiyimi anladım. Başa düşdüm ki, hansısa bir işi yerinə yetirməkdə əvəzolunmaz adam olmaya bilər. Yəni, hansısa işi bir neçə adam yüksək səviyyədə görə bilər. Amma sənin kimi dostu heç kim əvəz edə bilməz. SƏN başqa idin, tamam başqa!
SƏN dostlarının problemi olanda, sabaha kimi yatmayıb, onunla birlikdə problemi həll etməyə çalışırdın. Hətta son dövrlər səhhətində yaranmış problemlə baglı biz buna etiraz edəndə, sifətindəki heç vaxt unudulmayacaq təbəssümlə deyirdin: “Mən burda olmalıyam”.
SƏN dostlarının ugurlarına hamımızdan çox sevinirdin. Şad xəbər eşidən kimi mənə telefon açıb deyirdin: “”Brat” (Ən çox sevdiyi müraciət forması idi) bunu qeyd etmək lazımdır, ürəyiniz harda istəyir mən qonaqlıq verməyə hazıram”. Həmişə də çox bahalı və dəbdəbəli yerləri seçirdi. Son iki ili spirtli içki içmirdi, amma masa arxasında bizdən seçilmirdi. Eyni dərəcədə şənlənirdi, deyib-gülürdü.
SƏN kövrək idin, çox kövrək! Sənin yanında kədərli bir hadisəni danışanda da, dostlarının və ya millətinin övladlarından birinin qürurverici hərəkətini görəndə də kövrəlirdin. Neçə dəfə şahidi olmuşam ki, belə hallarda kimsə hiss etməsin deyə, üzünü yana çevirib, eynəyini çıxarıb cib dəsmalınla gözlərini silmisən.
SƏN çox yaxş həmsöhbət idin! Səninlə istənilən mövzuda söhbət etmək adama ləzzət verirdi. Ədəbiyyat, tarix, diplomatiya, iqtisadiyyat, siyasət, fizika, bir sözlə bütün mövzularda əvəzolunmaz həmsöhbət idin. Dəyərli dost, mən səndən çox şey öyrəndim.
SƏNdə yüksək yumor hissi var idi. Yıgışdıgımız məclislərdə kimsəni qəmli görəndə və ya məclisdə yorgunluq hiss edəndə Ukraynada təhsil aldıgın vaxtlarda başına gələn məzəli hadisələri elə gözəl təsvir edirdin ki, hamının əhvalı düzəlirdi.
SƏN Sürprizləri çox sevirdin. 60 illik yubleyini səbirsizliklə gölədiyimiz bir vaxtda hamımıza bizi üzən bir “sürpriz” etdin. Xəstəxanaya köçdün. Yubleyinlə baglı sənə bir şeir yazmişdım, (Əslində şeir deməzdəm, ürək sözlərimin seir forması idi) amma sənə oxumaq qismət olmadı.
Sən Ulu Şirvanımın,
Dəyərli ziyalısı.
Səni böyük bilənin,
Ən qaygıkeş Abisi.
***
Sevindirdi obanı,
Gəlişin bu dünyaya.
Qələbəylə ad günün,
Düşübdü eyni aya.
***
Sayma əziz qardaşım,
Saçlarındakı dəni.
Altmış elə-belədi,
Yüzdə gözlə sən məni.
***
Bir millətin yoxdusa,
Aydın kimi AYDINI
Siləcəklər tarixdən,
O, millətin adını
Birincilik sənin xarakterində idi. Həmişə, hər yerdə birinci olmaq istəyirdin. Hətta dostlarının arasında da “ÖLÜMƏ XOŞ GƏLDİN” deməkdə birinci oldun. Elə bil ki, böyük və Uca Allah səni birinci olmaq üçün yaratmışdı ƏZİZ DOST! Sən həmişə əzizlərinin, dostlarının və sevənlərinin qəlbində daima yaşayacaqsan. Bilirik ki, harda olsaq ruhun həmişə bizim yanımızdadı. Rahat uyu. Bu dünyada qoyub getdiklərindən narahat olma. Amma SƏNSİZ çox çətin olacaq bizlərə!
Ömrə-günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən.
Beşiyindən bizə tabut düzəldən,
Bələyindən kəfən tikən dünyadı.
Ramiz Rövşən
Allah SƏNƏ rəhmət eləsin dəyərli ABİMİZ!
Seymur Şeydayev












