Prezidentin təyin etdiyi yeni Mədəniyyət naziri kimdir? - DOSYE

 15:30 05.01.2021     851

Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Anar Kərimov Mədəniyyət naziri təyin edilib.

Redaktor.az xəbər verir ki, Anar Kərimov 1977-ci ildə Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.

Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləyib.

23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib və o, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilib.

O, 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin olunub. Həmçinin, ona Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri tapşırılıb.

Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən