“Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsi elan edilib

 17:40 06.01.2021     101

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qarabağ Azərbaycandır!” devizi ilə ssenari müsabiqəsi elan edib.

Redaktor.az-ın məlumatına görə, ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirilib ki, müsabiqənin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.

Hər kəs müsabiqəyə ssenari təqdim edə bilər. Müsabiqəyə bədii, sənədli, qısametrajlı film və animasiya filmləri ssenariləri qəbul olunur. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır. Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim edilməlidir. Hər bir müəllif bir ssenaridən artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Daha sonra qurumun sözçüsü Əli Vəliyev qeyd edib ki, müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edəcək. Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək.

Qalib ssenarilər ekranlaşdırılmaqla yanaşı pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, Ən yaxşı bədii film ssenarisinə 5000, Ən yaxşı sənədli film ssenarisinə 3500, Ən yaxşı qısametrajlı film ssenarisinə 3000, Ən yaxşı animasiya film ssenarisinə 2000 manat pul mükafatı təqdim olunacaq.

Ssenarilər fevralın 1-dən aprelin 30-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir. //Oxu.az