“Əsrlərin şairi Nizami Gəncəvi” - - Biblioqrafik icmal hazılanıb

 15:16 29.03.2021     210

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadı olan Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib.

Redaktor.az xəbər verir ki, bununla əlaqədar olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Əsrlərin şairi Nizami Gəncəvi” adlı biblioqrafik icmal hazırlayıb. İcmalda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmiş, şairin həm Azərbaycan, həm də rus dilində çap olunmuş kitablarının biblioqrafik təsviri, əsərlərdən şeir parçaları təqdim edilib. Vəsaitdə həmçinin, ədibin iki qəzəli, şeirləri əsasında bəstələnmiş musiqi əsərləri (romanslar, muğamlar, operalar, simfonik əsərlər), virtual kitab sərgisi də öz əksini tapıb. Biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib. Bundan əlavə, Respublika Gənclər Kitabxanası dahi Nizamiyə həsr edilmiş və ingilis dilli auditoriya üçün nəzərdə tutulan video çarx da hazırlanıb.

Video çarxda Nizami Gəncəvinin həyat və yaradıcılığı geniş formada işıqlandırılıb. Hazırlanan materialda XII əsr ictimai-siyasi və hüquqi fikirlərinin ən görkəmli numayəndəsı olan Nizami Gəncəvinin öz əsrinin misilsiz humanist mütəfəkkiri olması, onun sosial-siyasi ideyalarının Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynaması, Yaxın və Orta Şərqin fəlsəfi, ictimai- siyasi fikrində humanist, demokratik ideyaların formalaşmasına və inkişafına müstəsna təsir göstərməsi qeyd edilib. Video çarxda Nizami dünyanın ən böyük humanist sənətkarlarından biri kimi yad edilmişdir. İstifadəçilərin böyük marağına səbəb olan video çarx Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında maraqlı məlumatlarla zəngindir.

Sözügedən materiallar Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının rəsmi saytında (http://ryl.az/sened/Nizami_880.pdf) və İnstagram səhifələrində (https://www.instagram.com/tv/CMwFI9hBj4o/) yerləşdirilərək geniş istifadəçi auditoriyasına təqdim olunub.