Zəfər dolu misralar

 11:53 17.04.2021     1158

Dünyadan vaxtsız köçmüş istedadlı şair qardaşımız İsa Körpülü haqqında da­nışmaq, yazmaq mənim üçün həm asandı, həm də çətin. Sadəcə, onu ar­dı­cıl­lıq­la xa­tır­la­maq, yada salıb qələmin ixtiyarına vermək lazımdır. Düzdür, bir dəfə İsa, rəhmətlik şair Kazım Körpülü və aşıq Fikrət Körpülü haqqında saytlarda yaz­mı­şam, qəzetlərdə ver­mişəm, sonra da həmin xatirə yazıları ayrıca ki­tab şəklində çap et­dir­mişəm. Onun haqqında yazmaq ona görə asandır ki, İsanı uşaq­lığımdan ta­nıyıram, aramızda üç yaş fərq vardı. Çətindir ona gö­rə ki, onun özü­nəməxsus şeir-sənət ya­radıcılığı yaşının ən kamil vaxtlarında da­yandı. 51 yaş nədir ki? Halbuki, İsa daha böyük əsər­lər, poemalar yazmaq arzusunda idi və buna da tələsirdi. O qədər isti xatirələr var ki... Demək olar ki, onu hər gün gö­rür­düm. Səhərlər dərsə gedəndə çəpərimizin altından keçər, dərsdən qayıdanda ye­nə də hə­min yolla evlərinə gedərdi. Boş vaxtı olanda, tay-tuşlarla görüşə gedəndə də yenə hə­min yoldan istifadə edərdi. Mən də quzularımızı otarmağa aparanda hərdən Al­pa­­şa­la­rın yalından, yəni düz İsagilin evinin yanından keçib gedirdim. Yaxud, həm İsələrin,  Al­pa­şa­la­rın, həm də ət­raf­da yaşayan digər tayfaların cavanları hərdən Kəmət Qa­yada, alma və gavalı bağ­la­rının ətrafındakı ba­laca təpəliklərdə söhbətləşir, aranı-dağa, dağı-arana qa­tır­dıq. Nədən da­nışırdıq, o illərin, yəni sovet dövrünün kənd uşaqları nədən danışa bilərdi? Təzə nümayiş olunan ki­no­lar­dan, yenicə çap olun­muş nəsr ki­tab­larından və ağsaqqallardan, ağbirçəklərdən eşitdiklərimizdən. Hər kəs oxuduğunu, gördüyünü, eşitdiyini danışırdı. Adə­tən çalışırdıq ki, oxuduğumuz elə əsər­lə­rin adın çəkək ki, onu heç kim oxumamış olsun. Belə olan­da, bu hər kəsə ləzzət edirdi. Həmyerlimiz, tanınmış uşaq ya­zıçı­sı, keçmiş “Pioner”, sonra da “Günəş” jurnalının baş redaktoru, Əməkdar mə­də­niy­yət işçisi rəhmətlik Nəriman Sü­ley­manovun çıxan kitabları və yaxud respublika mətbuatında dərc olunan hekayələri də diqqət mərkəzində idi. Nə­riman müəllimin yaradıcılığını kənddə hamı, xüsusən də biz ca­vanlar daha çox izləyirdik. Ancaq İsa da­ha çox poeziyaya, xüsusən də aşıq ədə­biy­ya­tı­na meylli idi. Aşıq Ələs­gərdən, Aşıq Alı­dan və digər tanınmış ustad aşıqların ya­ra­dıcılığından qoşmalar, gə­ray­lı­lar söyləyərdi, özü də bədahətən. Das­­tanları çox sevərdi, sanki saz çalırmış kimi əlini-qolunu oynada-oynada şeirlər deyərdi. Ancaq kinodan fərqli az adam danışa bilirdi, çünki kəndə gələn kinoların demək olar ki, ən zəifini belə buraxmırdıq. Məktəbin özfəaliyyət kollektivinin üzvlərinin iştirakı ilə oynanılan ta­ma­şa­lar­dan danışırdıq. Məşqlər zamanı aktyor ixtisaslı tarix müəllimi Zeynal Zeynalovun gös­tə­riş­lərini bəzən öz ağlımızla teatrı bilən adam kimi fərqli görmək istəyirdik. Ancaq bir məsələdən çox təəssüflənirəm. Tamaşalar hazırlanır, oynanılırdı, lakin bir nəfərin belə ağ­lına gəlmirdi ki, bunları yaddaşlarda saxlamaq üçün fotoya çevirmək lazımdır. Buna görə Zeynal müəllim bizi xeyli danlamışdı.

Qayğısız uşaqlar idik. Cavanlar yığnağında müxtəlif oyunlar oynayırdıq. Onu da deyim ki, hərdən uşaqların ara­sında yaranan mübahisələr bəzən davaya çevrilirdi. Belə olan halda o, adətən məni mü­da­fiə edirdi. Özü də İsa sağlam və güclü idi. Ümumiy­yətlə, İsa həddən artıq istiqanlı, xe­yirxah oğlan idi. Sonralar İsa əsgərlikdə oldu, Ba­kıda oxudu və qayıdıb doğma Kör­pü­lü­də kənd mədəniyyət klubunun müdiri işlədi. Onda artıq mən Bakıda universiteti bitirib, ailə qurub əsgərliyə getmişdim. Sonra Bakıya qayıtdım və mət­bu­atda işləməyə baş­la­dım. İldə bir-iki dəfə doğma Körpülüyə gedirdim. Onda yenidən görüşür, dərdləşirdik. Ya səhər, ya axşam olsun, çəpərin yanından keçəndə - ha­zıram ha, nə lazım olsa, hara getmək istəsən, de! Çəkinmə, özün bilirsən ki, sənin xətrini ailəlik­lə çox istəyirik. Mət­bu­at­dan, təzə çıxan kitablardan danışırdıq. Ancaq sözün düzü onun şeir yazdığını, gözəl saz çaldığını bil­mir­dim. Bu barədə heç vaxt söhbətimiz olma­mış­dı. Rəhmətlik anam Mə­­leykə xanım da onun xətrini çox istəyirdi.

1988-ci ilin noyabr ayında böyük bir el, cəngavər türk tayfasının adını özündə ya­şadan Körpülü kəndi yerindən oynadı. İndi Ermənistan adlanan qədim Qərbi Azər­bay­can torpaqlarından 300 minə yaxın Azərbaycan türkü vəhşicəsinə qovuldu. Körpülü sakinləri əvvəl Qazax, Borçalı, sonra da Azərbaycanımızın hər tərəfinə yayıldılar. Əsasən də Qa­zax, Gəncə, Sumqayıt və Bakıda məskunlaşma çox oldu. Kəndin cavanlarının böyük his­səsi isə Rusiyada, Moskva şəhərində yerləşdi. İndi hətta Almaniyada, Fransada xeyli Kör­pü­lü yaşayır. İsa isə bir müddət Bakıda işlədikdən sonra o da Moskvada işlədi. Kör­pü­lü gənc­lərinə ağsaqqallıq elədi. Həm də şeirlər qoşdu, saz çaldı. İsanın ilk şeirinə kör­pü­lü­lə­rin toy məclisində qulaq asmışam. Əvvəllər də yazmışam, indi də deyirəm: mə­nim fik­rim­cə, həmin şeir İsanın yaradıcılığında xüsusi yer tutur və mənim də  çox sev­di­yim şeir­lər­dən biridir.

Sərt üzü var torpağın da, daşın da,

İsa üçün fərqi yoxdur yaşında

Ağac olub Yekə Yalın başında,

Körpülünün çöllərində qalaydım.

Körpülü həsrəti, yurd həsrəti İsa Körpülü yaradıcılığının əsas xəttidir. Onun şer­lərindən Körpülü iyi, Körpülü qoxusu gəlir. Bu şerlərin işığında sanki qədim türk yurdu olan Körpülünü qarış-qarış gəzirsən. Onu da deyim ki, bu yazı ilə əlaqədar İsanın iki kitabını yenidən vərəqlədim. Bir-bi­rindən gözəl şeirləri həyəcansız oxumaq olmur. Sadə, səlis dili olan əsərlərin dərin mə­nası vardır.

Bu dərd görən necə sığır dünyaya,

Dözə bilmir ağrısına daş-qaya,

Oğulsansa təsəlli ver İsaya,

Qəm geyinmiş qəmxanədir Körpülü.

Körpülü dərdi İsanı çox incidirdi. Elə o dərd də onun incə rübablı ürəyini sıxıb dayandırdı. Ruhu şad olsun, əziz qardaşımızın. İnanıram nə vaxtsa doğma Körpülüyə qa­yıdacağıq, ancaq bu qayıdışın hansı nəslin payına düşəcəyini deyə bilməyəcəyəm. Onda İsa Kör­pü­lünün də ru­hu o yerlərdə - Şiştəpədə, Yekə Yalda, Böyük Kolda, Kəmət Qayada, Yu­va­lı­da, Pirinin talasında rahat, azad gəzib dolaşacaq.

Bu yazını işləyəndə Qarabağ zəfəri, 44 gülük müharibə yadıma düşdü. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Kaş İsa bu zəfəri, bu şücaəti görəydi. Çünki İsa hələ illər öncə öz şeirləri ilə bizi işğal olunmuş ərazilərimizi azad etməyə, qələbəyə səsləyirdi.

Qarı düşmən amansızdır, yağıdır,

Bu, qeyrət dağıdır, namus dağıdır,

Qalx ayağa indi vuruş çağıdır,

Zəfərə çatmağa gecikmirikmi?

Çatdıq zəfərə, qardaşım, indi canımız Şuşa da, Laçın da, Kəlbəcər də, Qubadlı da, Füzuli də, Cəbrayıl da, Ağdam da, Zəngilan da, digər ərazilər də azaddır. Azərbaycanı bütöv görmək istəyən xalqımız bu gün zəfər bayramını təntənə ilə qeyd edir.

Bakı ürəyimdir, Gəncə canımdır,

Naxçıvan şöhrətim, Qazax sanımdır,

Dəli Kür, Xan Araz şah damarımdır,

Başımın pərvəri Qarabağımdı.

****

Göy gölüm qənirsiz gözələ bənzər,

Qara gözlərimin nurudu Xəzər,

Yığılsa səcdəmə bütün gözəllər,

Könlümün dilbəri Qarabağımdı.

İnanıram ki, indi İsa Körpülü sağ olsaydı, bu zəfəri, bu birliyi görsəydi, Azərbaycan əsgərinə, onun müdrik və uzaqgörən komandanının şərəfinə bir-birindən gö­zəl şeirlər, das­­tanlar qoşacaqdı.

Xüsusi olaraq onu da qeyd etmək istəyirəm, Qarabağ zəfəri bizi yağı düşmən altında olan Körpülüyə və digər obalarımıza daha da yaxınlaşdırır. Allah arzularımıza qo­vuş­­dur­sun. Mən buna inanıram. Onda Körpülü həsrəti ilə dünyadan köçən İsanın, eləcə də onlarca eloğlularımızın da ruhu şad olar.

Elşad Qoca

Vumart və Güvən reklamı Vumart Güvən