Son zəng

 12:05 17.04.2021     701

Ötən il uzun illərin dostu, tanınmış telejurnalist Cavanşir Ca­hangirov qəfil dün­yasını dəyişdi. Bilmirəm nədəndir, çox çalışdım nəsə yazım, mümkün olmadı. Dostum Vasif də ya­za bilmədiyini söylədi. Halbuki, söyləyəcəklərimiz, xatirələrimiz kifayət qə­dərdir. Bu gün­lərdə daha bir dostumuzu - Azər Nurməmməd oğlu İbadovu itirdik. Dü­nən­dən düşünürəm, nə yazım, necə yazım, bilmirəm. Qarışıq cümlələr beynimdə dolaşır, bilgisayarın klaviaturasını dö­yəc­ləməkdən yoruldum. Özümü ələ almağa çalışıram. Yadıma iş vaxtı əsəbiləşəndə Azərin sakit tonda dediyi sözlər düşür: “Səbr elə, işimiz çoxdur, özün də bilirsən ki, nəyin bahasına olursa olsun yoluna qo­ya­cağıq”.

Doğrudan da elə olurdu. İndi də səsi qulağımdadır, özümü ələ almağa çalışıram... Onu 1994-cü ildən tanıyırdım, bir şöbədə işləyirdik. Bu ilin oktyabr ayının 7-də 67 yaşı tamam olacaqdı. Deyib-gülən, zarafatı sevən idi. İncə zarafatları vardı, məqamında elə lətifələr danışırdı ki... Ha­ralarda olmamışıq, odlu-alovlu cəbhə yollarında: Ağdərədə, Tərtərdə, Horadizdə, Zəngilanda, Cəb­rayılda, Qazaxda, Tovuzda, Gədəbəydə. Xeyirdə, şərdə. Hərdən aşpazlıq edər, dost məclisi üçün kəllə-paça, soyutma və digər dadlı yeməklər bişirərdi. Özü isə biraz yeyib çəkilərdi, elə də yeyən, içən deyildi.

Açıklama yok.

Xatirələr çoxdur, saymaqla bitən deyil. Yəqin bunun üçün vaxt lazım gələcək. Neçə il idi ki, pensiyaya çıxmışdı. Hərdən telefon açar, hal-əhval tutar, gö­rüşmək is­tə­yərdi. Bilirdim ki, sözü var, məsləhətləşmək istəyir. Görüşüb dərdləşirdik. So­nuncu dəfə Akademiyanın bağında, çayxanada gö­rüş­dük, həyat yoldaşı rəhmətə get­mişdi. Biraz da sınıxmışdı, xeyli dərdləşdik. Sonradan bir dəfə də zəngləşdik, görüşüb söh­bət­lə­şərik, dedi. Sən demə, bu, Azərin sonuncu zəngi imiş. Nədən danışacaqdıq, bilmirəm.

Aprelin əvvəllərində dostumuz Füzulinin həyəcanlı zəngi içimizi titrətdi. Sən demə, Azərin səhhəti qəfildən pisləşib, insult keçirib, üstəgəl korona. 7-8 gün xəstəxanada müalicə alsa da, vəziyyəti günü-gündən pisləşdi. Səhhəti  barədə həyəcanlı xəbərlər alır, lakin oğluna deyə bilmirdim. Nəhayət, özümü toplayıb həqiqəti söyləyə bildim.

Aprelin 13-ü səhər tezdən telefon açan ci­yərparası Nazimin titrək səsi hələ də qulağımdadır. Dostlar təlaş içində idi. Kömək edə bilmədik. Beləcə, gözəl insanı, və­falı dostumuzu itirdik. İndi görüşlərimizin, tədbirlərimizin videosunu kim çəkəcək? Kim bi­zimlə baməzə zarafatlar edəcək? Bu mis­si­yanı həmişə Azər yerinə yetirirdi.

Pandemiya da bir tərəfdən qanımızı qaraltdı, uzun illərin dostunu son mənzilə urvatla yola sala bilmədik. Neyləyə bilərik? Xəstə sayı, ölüm sayı artır. Qadağalara hamılıqla əməl etməliyik.

Ruhun şad, məkanın cənnət olsun, əziz dostumuz Azər Nurməmməd oğlu. Sən dostların qəlbində daim yaşamağı öz qürurunla, etibarınla, səmimiyyətinlə qazanmısan. Həmişə bizimləsən.

Dostlar adından, Elşad Qoca