Şagirdlər arasında şeir müsabiqəsi keçirilib

 03:17 02.05.2021     189

Masallı Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında keçirilən onlayn şeir müsabiqəsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, 10 gün davam edən onlayn müsabiqədə 80-ə yaxın məktəbli bilik və bacarıqlarını nümayiş etdirib.

Onlayn şeir müsabiqəsinin yekun nəticələrinə əsasən, VII-VIII sinif şagirdləri arasında Dəmirçi kənd ümumi orta məktəbinin VII sinif şagirdi Sara Rəsulova birinci, Qızılağac kənd 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Məryəm Mairova ikinci, Xanalion kənd ümumi orta məktəbinin VIII sinif şagirdi Mirbağır Bağırzadə üçüncü yerlərə layiq görülüblər.

IX-X sinif şagirdləri arasında isə Bədəlan kənd tam orta məktəbinin X sinif şagirdi İlqarə Şahbazzadə, Qəzvinoba kənd ümumi orta məktəbinin IX sinif şagirdi Sevgül Abbasova, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Fatmeyizəhra Bağırova mükafata layiq yerlərə sahib olublar.

Qaliblərə diplomlar təqdim edilib.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və Rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov qalibləri təbrik edərək, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.