Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı tədbir - Gənclər Kitabxanası
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə 5 may 2021-ci il tarixdə “Zoom” proqramı vasitəsi ilə “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş bu tədbirin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəsli Aşıq Ələsgərin zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı ilə tanış etmək olub.
Tədbirdə Aşıq Ələsgərin qədim sənətinin davamçıları-Azərbaycan, Gürcüstan və Təbriz aşıqları, ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.
Tədbiri elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb aşıq Ələsgərin Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi və bu şeirin ən uca zirvələrini fəth edən sənətkar olması, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından danışdı.
Kitabxananın direktoru Oruc Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin 18 fevral tarixində aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın icrası ilə əlaqədar kitabxananın təşkil etdiyi tədbirlər haqqında məlumat verdi.
Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq Ələsgərin bir çox şeirlərini Azərbaycan aşıq sənətinin nizamnaməsi adlandırdı.
Ustad aşıq, Azərbaycan Aşıqlar birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Altay Məmmədli aşıq Ələsgər yaradıcılığı haqqında çıxış etdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov “Aşıq Ələsgər yaradıcılığı və musiqi” adlı məruzəsində Q.Hüseynli, H.Xanməmmədov, C.Quliyev, S.Rüstəmov kimi bəstəkarların görkəmli söz ustadının yaradıcılığına müraciət etmələri haqqında məlumat verdi.
Aşıq Şaiq İncəli sazda “Şərili”, aşıq Cəfər (Təbrizli) “Göyçəgülü”, aşıq Xanlar Göyçəli “Kərəm gözəlləməsi”, aşıq Şahniyar Əliyev “Təcnis”, aşıq Xavər Hüseynova “Qəhrəmani”, aşıq Afil Bəxtiyarov “Yanıq Kərəmi”, aşıq Rahib Alxanov “Naxçıvani”, aşıq İsa Təbrizli “Ovşarı” havalarını ifa etdilər.
Kitabxananın şöbə müdiri Qənirə Mustafayeva aşıq Ələsgər yaradıcılığının Azərbaycan ədəbiyyatında yüksək mövqeyindən danışıb bütün iştirakçılara təşəkkür etdi.
Sonda Kitabxananın direktoru Oruc Quliyev bu səpkili tədbirlərin keçirilməsi əhəmiyyətindən bəhs edərək, tədbirin rəngarəngliyini, qonaq qismində tədbirdə yer alan qonşu ölkələrin aşıqlarının iştirakını təqdirəlayiq hal kimi qiymətləndirərək, bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
Zoom proqramı üzərində keçirilən “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı tədbir canlı olarq kitabxananın İnstagram səhifəsində də yayımlanırdı.












