Aşıq Ələsgərlə bağlı silsilə tədbirlər keçirilir - Gənclər Kitabxanası
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası böyük söz ustadı Aşıq Ələsgərə həsr olunmuş silsilə tədbirləri davam etdirir.
Redaktor.az xəbər verir ki, bu günlərdə Respublika Gənclər Kitabxanası Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilmiş üç dildə - Azərbaycan, İngilis və Rus dillərində hazırladığı video çarxları istifadəçilərinin diqqətinə təqdim edib. Video materialların üç dildə hazırlanmasında əsas məqsəd Aşıq Ələsgər yaradıcılığını daha geniş istifadəçi kütləsi arasında təbliği və həmçinin də, böyüməkdə olan gənc nəsli Aşıq Ələsgərin zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı ilə tanış etməkdən ibarətdir.
Video çarxlarda Aşıq Ələsgərin həyat və yaradıcılığı- uşaqlıq illəri, aşıq sənəti sahəsində atdığı ilk addımlar, bu sahədə misilsiz uğur qazanması haqqında geniş məlumat verilir. Aşıq Ələsgərin bizlərə zəngin bir irsi qoyub getməsi, əsasən qoşma, gəraylı, təcnis və müxəmməslərdən ibarət bu ədəbi irsin lirik şeirlərdən ibarət olması, bu şeirlərin bir hissəsinin saf və təmiz məhəbbətin tərənnümünə, ikinci hissəsinin el gözəllərinin tərifınə, üçüncü hissəsinin vətən təbiətinin təsvirinə, dördüncü hissəsinin əxlaqi-tərbiyəvi fikirlərin təbliğinə və nəhayət, beşinci hissəsinin dövrün ictimai eyiblərinin tənqidinə həsr olunmasından bəhs edilib.
Hər üç video çarx səsli məlumat ilə müşayət olunub, materiallarda ustadlar ustadı Aşıq Ələsgərin yaradıcılığından nümunələr, kitablarından görüntülər təqdim edilib. Video çarxlarda “Haqq aşığı”-Aşıq Ələsgərin 150 və 200 illik yubileyi ilə əlaqədar imzalanan Sərəncamlar haqqında da məlumat verilib.
Sözü gedən video çarxlar kitabxananın sosial şəbəkələri ilə yanaşı Youtube kanalına da yerləşdirilib.
https://www.youtube.com/watch?v=bsNI41Cn5RQ












